İsmayıllıda müvəqqəti məskunlaşmış Şuşalı məcburi köçkünlərlə görüş
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov geniş tərkibdə təmsil olunan Şuşa rayon məcburi köçkünləri ilə görüşüb. Tədbirdə Şuşalıların müvəqqəti məskunlaşdıqları ərazinin icra nümayəndələri və bələdiyyə sədrləri, müxtəlif xidmət və sosial təminat təşkilatlarının rəhbərləri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, məcburi köçkünlərin məşğulluğunun artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, hər bir kəsin təsərrüfat fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və dövlətimiz ardıcıl və sistemli tədbirlər həyata keçirir. Həyatın davamında yaranan problemlərin həllinə rayon icra hakimiyyəti operativ qaydada və qayğılı münasibətlə yanaşır. Hər bir məcburi köçkünün həyatı diqqətdə saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş komandanlığı ilə ordumuzun 2-5 apreldəki zəfər yürüşü işğal olunmuş torpaqlarımıza tezliklə qayıdacağımıza bizi tam ümidli edir. Biz o yerlərə qayıdacağıq. Biz Böyük Qələbəyə çatacağıq.
Giriş nitqindən sonra bütün zamanlarda Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov fikri, sözü, təklifi olan hər bir iştirakçını səbrlə dinləyib, qaldırılan məsələlərin həlli üçün aid strukturlara tapşırıq verib.
Çıxış edən Məmmədxan Almuradov, İsak Əliyev, Saleh Abbasov, Nizami Şahvələdov, Əyyub Əhmədov, Niyaz Abbasov və başqaları çıxış edib bildirdilər ki, yaşayışımızla bağlı heç bir problemimiz yoxdur. Dövlətimizdən hər cür qayğı görürük. Ölkə rəhbərinin qələbə əzmini alqışlayırıq, hər zaman özümüzü səfərbər sıralarda görürük. Ortaya çıxan bəzi yol, su, yanacaq problemləri rayon rəhbərliyinin köməyi ilə aradan qaldırılır. Qarşımızda duran ən böyük vəzifə ordumuza dəstək durmaqdır.
İcra hakimiyyətinin başçısı sonda Dövlətqaçkınkomun İsmayıllı rayonu üzrə məsləhətçisi Tahir Əliyevə və Şuşa RİH-nin nümayəndəsi İsa Süleymanova tapşırdı ki, fərdi qaydada şəxsi problemi olanları öyrənsinlər, ümumiləşdirsinlər və RİH-nə təqdim etsinlər. Kimə hansı formada yardımçı olmaq barədə RİH-nin düşünülmüş tədbirləri olacaqdır.
Bununla da hamının razı qaldığı görüş sona yetib.