Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti İsmayıllıda

07 may 2016 | 16:00
Yeni Azərbaycan Partiyasının dəvəti ilə respublikamıza gələn Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndə heyəti mayın 7-də İsmayıllıda olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılanıblar. Mərkəzin foyesində məktəblilərin tarda və pianoda səsləndirdikləri milli musiqi nümunələri, o cümlədən muğam və mahnılar qonaqlarda xoş təəssürat yaradıb.
Yaponiya nümayəndə heyəti Heydər Əliyev Mərkəzinin konfrans zalında şəhər 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüb. Qeyd edək ki, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasındakı dostluq və qardaşlıq münasibətləri çərçivəsində qarşılıqlı səfərlər, hər iki şəhərin məktəblilərinin görüşləri artıq bir ənənəyə çevrilib. Hazırda şəhər 1 saylı məktəbdə yapon dilinin tədrisi üzrə kurs fəaliyyət göstərir və şagirdlər bu dili həvəslə öyrənirlər. Odur ki, görüşdə şagirdlər Ülkər Aslanlının, Suğra Ağamalıyevanın, Şamxal İsrayılzadənin yapon dilində müraciətləri, suallar vermələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Yaponiyanın Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka Azərbaycana, o cümlədən İto şəhəri ilə qardaşlaşan İsmayıllıya səfərindən, mehribanlıqla qarşılanmalarından məmnun olduğunu bildirərək, Azərbaycanın Yaponiya üçün önəmli bir ölkə olduğunu deyib. Ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Kazunori Tanaka Azərbaycanın böyük inkişaf perspektivlərinin olduğunu bildirib.
Görüşdə məktəblilərin Yaponiyada təhsil sistemi, İkinci Dünya Müharibəsində Naqasaki və Xirosima şəhərlərindəki faciə, Dağlıq Qarabağla bağlı sualları nümayəndə heyətinin üzvləri tərəfindən cavablandırılıb.
Kazunori Tanaka Dağlıq Qarabağ münaqişəsinin regionda ciddi təhlükə yaratdığını və bölgənin inkişafına əngəllər törətdiyini bildirib, problemin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Məktəblilərlə görüşdən sonra yaponiyalı qonaqlar Heydər Əliyev Mərkəzi və buradakı dərnəklərin fəaliyyəti ilə tanış olublar.
Rayon icra hakimiyyətində keçirilən görüşdə nümayəndə heyətinə İsmayıllı barədə məlumat verilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara İsmayıllı sənətkarlarının əl işləri olan misgərlik əşyası, ipək kəlağayı və yapon dilində nəşr olunan milli mətbəximiz barədə kitab hədiyyə edib.
Qonaqlar, həmçinin şəhərdə salınan Yapon parkı, Yaponiya hökumətinin qrant yardımı ilə tikilən yeni uşaq bağçası ilə də tanış olublar.
Daha sonra Yaponiya nümayəndə heyəti Lahıc qəsəbəsinə səfər edib.
 
 
Keçidlər