Zavod bərpa və yenidən qurmadan sonra açılır
Bir vaxtlar İsmayıllı üzüm istehsalı əsasında inkişaf edir, yüksəlir, tikilib qurulurdu. Sonralar alkoqolizmə qarşı mübarizəni üzümlükləri məhv etməkdə gördülər.
Nəhayət ki, illərdən sonra kənd təsərrüfatının bu gəlirli sahəsi olan üzüm istehsalı və emalına münasibət dəyişdi. Nəticə olaraq indi rayon ərazisində 860 hektar üzüm bağı salınmışdır. Onun 60 hektarı süfrə sortlarıdır. Üzüm emalı zavodları məhsul istehsalçıları üçün bazar rolunu oynayır. Yaxşı haldır ki, bu sahəyə də diqqət artır, özəl kənd təsərrüfatının inkişafı üçün rayon icra hakimiyyəti münbit şərait yaradır. Vaxtilə Kürdmaşı kəndindəki şərab zavodunun əsasında “İsmayıllı şərab-1” ASC yaradılmış, müəssisə yeni texnologiya əsasında bərpa edilmişdir. 40 nəfər Kürdmaşı kənd sakini burada işlə təmin olunmuşdur. Zavodun illik istahsal gücü 3 min tondur. Burada 2 növ şərab, konyak, konyak spirti, nar şirələri istehsal olunacaqdır.
2 may 2013-cü il tarixdə bərpa və yenidənqurmadan sonra zavodun açılışı olmuş, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu münasibətlə zavodun işçilərini, kənd əhalisini təbrik etmiş, onlara uğurlar arzulamış, sahibkarlığın, sənayenin bundan sonraki inkişafı üçün daha çox iş görüləcəyini bildirmişdir. Millət vəkili Novruzəli Aslanov yeni aqrosənaye müəssisəsinin istifafəyə verilməsi münasibətilə sahibkarları və istehsalçıları təbrik etmiş, İsmayıllıda gedən işlərin daha yüksək nəticələr verəcəyini bildirmişdir.
“İsmayıllı şərab-1” ASC-nın sədri Şükür Məmiyev bu müəssisənin daha çox insanlara xeyir gətirəcəyini, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirmişdir.