Din xadimləri ilə görüş keçirilib
İyunun 7-də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər “Cümə” məscidində Ramazan ayının başlanması münasibətilə dindarlarla görüş keçirilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov, RİH başçısının müavinləri və əməkdaşları, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şəhzadə Bilalov, dini icmaların sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan M.Sadıqov dindarları və bütün rayon sakinlərini, Azərbaycan xalqını Ramazan ayının başlaması münasibətilə təbrik edib, ismayıllıları xoş niyyətə, səbr və dözümə, xeyirxah əməllərə, əxlaqi kamilliyə, Ramazan ayının sınaqlarından şərəflə çıxmağa səsləyib.
QMİ-nin səlahiyyətli nümayəndəsi, İsmayıllı şəhər Cümə məscidinin imamı Şahzadə Bilalov çıxış edərək Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsi, dini-ayin və mərasimlərin yalnız məscidlərdə keçirilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Görüşdə digər çıxış edənlər Ramazan ayında müsəlmanların qarşısında duran vəzifələrdən, dövlət və din münasibətlərindən, multikultural dəyərlərdən danışıblar, ölkəmizdə bu sahədə görülən işlərə, göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.