"TOUR D'AZERBAIDJAN" beynəlxalq velosiped turunun 2-ci mərhələsi İsmayıllı rayonunda başa çatdı
Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 2-ci mərhələsi başa çatıb. 5 mərhələdən ibarət olan yürüşün bu hissəsinin start xətti Bakıda, finişi isə İsmayıllıda oldu.
İdmançılar yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşüblər. Bu gün paytaxtı tərk edən velosipedçilər 183 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.
II mərhələnin qalibi adına Türkiyənin “Torku Şəkərspor” klubunun ukraynalı legioneri Sergey Qreçin yiyələnib. Finiş xəttinə 2-ci çatan isə “Synergy Baku”nun üzvü Aleksandr Surutkoviç olub. Fəxri kürsünün son pilləsini isə Qazaxıstanın “Astana” klubunun üzvü Baxtiyar Kojotayev tutub.
Bununla da Qreçin liderinin daşıdığı mavi, ən yaxşı velosipedçinin sahib olduğu yaşıl formaların ikisini də ələ keçirib. Ən yaxşı dağ yürüşçüsü kimi qırmızı forma isə “Efapel”in üzvü portuqaliyalı Rikardo Vielaya keçib.
Kojotayev ən yaxşı gənc idmançı kimi ağ-bənövşəyi formaya sahib çıxıb. Ən yaxşı azərbaycanlı idmançı Elçin Əsədov ölkəmizin bayrağının rəngləri və alov əks olunan formaya yiyələnib.