İsmayıllıda güllə atıcılığı üzrə rayon birinciliyi
26 iyun-Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının həyatında əlamətdar günlərdən biridir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə həyata vəsiqə alan bu tarixi gün hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Rayonumuzda da Silahlı Qüvvələr günü ilə bağlı idman yarışları, müsabiqələr, turlar keçirilir.
İyunun 24-də Rayon Gənclər İdman İdarəsinin və Qarbağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının birgə təşkilatçılığı ilə şəhər üç saylı məktəb-liseyin idman bazasında güllə atıcılığı üzrə rayon birinciliyi keçirilib. Yarışda 20 nəfərdən çox gənc idmançı, Qarabağ müharibəsi əlili və veteranı güllə atıcılığı üzrə öz qüvvəsini sınayıb.
Yarışı giriş sözü ilə RGİİ-nin rəisi Taleh Salehov açıb. Sonra RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov yarış iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə RİH-nin başçısı adından təbrik edib, iştirakçılara uğurlar arzulayıb.
Yarışda Sübhan Mürşüdov birinci, İlham Şərifov ikinci və Azər Şahalıyev isə üçüncü yeri tutub. İdmançılara medallar və RGİİ-nin fəxri fərmanları təqdim olunub.