İsmayıllıda 26 iyun- Silahlı Qüvvələr Günü qeyd edildi
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü elan edilmişdir.Bu tarixi gün ölkəmizdə həmişə yüksək səviyyədə qeyd olunur, Azərbaycan xalqı Ali Baş Komandana, güclü ordumuza öz inam və etibarını ifadə edir.
Silahlı Qüvvələr günü İsmayıllıda da yüksək səviyyədə qeyd olunmuşdur. 25 iyun tarixdə RİH-nin konfrans zalında RİH-nin başçısı Mirdaməd Sadıqovun, aparat işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və veteran hərbçilərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin bu gün Cənubi Qafqazda müasir hərbi texnika ilə təchiz edilmiş ən güclü ordu olduğu qeyd edilmişdir.
RİH-nin başçısı Mirdaməd Sadıqov bayram münasibətilə veteran hərbiçiləri, bütün Azərbaycan Ordusunu və xalqımızı təbrik etmişdir. M.Sadıqov ölkəmizdə aparılan ordu quruculuğu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki böyük xidmətləri barədə tədbirə toplaşanlara ətraflı məlumat vermiş, yenilməz Azərbaycan Ordusunun torpaqlarımızı mənfur erməni işğalından xilas etmək qüdrətinə malik olduğunu diqqətə çatdırmışdır.
İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev, “Azərbaycan Bayrağı” ordenli veteran döyüşçü Eynulla Bağırov, 30 ildən çox orduda xidmət etmiş Əlaləm Babayev və başqaları çıxış edərək Azərbaycan Ordusunun keçdiyi tarixi yol, hazırkı döyüş qabiliyyəti barədə məlumat vermiş, bayram münasibətilə tədbirə toplaşanları təbrik etmişlər.
Sonda bir qrup veteran hərbiçiyə və SHXÇDX İsmayıllı rayon şöbəsinin fəal əməkdaşlarına mükafat və Fəxri fərmanlar təqdim olunmuşdur.