Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan - doğma diyar”

30 iyun 2016 | 16:00

28-30 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “Azərbaycan - doğma diyar” devizi altında Milli Azlıqların Ənənəvi V Respublika Festivalında İvanovka Xalq Folklor kollektivi və Lahıc Folklor kollektivi İsmayıllı rayonunu uğurla təmsil etmişdir. Hər iki folklor kollektivi uğurlu çıxışlarına görə diplomla təltif olunmuşdur.
Ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsi olan festival beşinci dəfə gerçəkləşdi. Festival iyunun 30-da Heydər Əliyev Sarayında möhtəşəm qala-konsertlə başa çatdı.
Konsertdən öncə Prezident İlham Əliyevin ölkəmizdə multikulturalizm sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx nümayiş olundu.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək artıq ənənə halını almış festivalın böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdı.
Ölkəmizdəki etnik müxtəlifliyin Azərbaycanın milli-mənəvi zənginliyi olduğunu vurğulayan Vaqif Əliyev qeyd etdi ki, tolerantlıq və qarşılıqlı hörmət Azərbaycan dövlətinin milli siyasətinin fərqləndirici xüsusiyyətləridir: "Xalqımızın ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd edib ki, çoxmillətlilik bizim sərvətimizdir. Ümummilli liderin bu fəaliyyət xəttini Prezident İlham Əliyev uğurla davam etdirir. Elə bu diqqət və qayğının nəticəsi olaraq 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir və il ərzində davam edəcək. İnanıram ki, bu festival da respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalacaq".
Qeyd olundu ki, son illər ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edərək dünyada etnik müxtəlifliyin qorunmasına, tolerantlıq və mədəni müxtəlifliyə mühüm töhfələr verib. Bu ilin aprel ayında BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahədə olan nüfuzunun göstəricisi idi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən bu festival bir daha ölkəmizdəki milli müxtəlifliyin, milli zənginliyimizin nümayişi, əsrlərdən bəri mövcud olan tolerantlıq mühitinin təsdiqidir.
Vaqif Əliyev vurğuladı ki, "Azərbaycan - doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalı çərçivəsində üç gün ərzində bir sıra tədbirlər keçirilib. O cümlədən Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərgi, “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqsləri, folklor nümunələri” diskinin təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil olunub.
Festival ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Sonra festival iştirakçılarının konsert proqramı təqdim olundu. Qala-konserti Qəbələ rayonundan gəlmiş "Cəngi" kollektivi açdı. Sonra "Rutel", "Suvar" ləzgi kollektivi, Balakən, Şabran, Lənkəran, Astara, İsmayıllı, Quba və digər rayonların ansamblları çıxış etdilər.
Qala-konsertdə ukraynalı, tatar, kürd, yəhudi icmalarının, Ahıska türklərinin və ölkəmizdə yaşayan digər azsaylı xalqların təmsilçiləri - ümumilikdə 20-dən çox kollektiv çıxış etdi. Ölkəmizin milli-etnik və mədəni rəngarəngliyini, zənginliyini nümayiş etdirən çıxışlar alqışlarla qarşılandı.

Keçidlər