Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Saat meydanı” istifadəyə verildi.

02 avqust 2016 | 16:00

İsmayıllı şəhər bazarının qarşısındakı meydan uzun illər idi ki, bərbad vəziyyətdə-həm nəqliyyat, həm də insanlar üçün keçilməz halda qalmışdı. Belə bir yerdən hətta dayanacaq və ticarət  yeri kimi istifadə olunurdu. Orta və kiçik sahibkarların fəaliyyəti üçün yaranmış problemlərin həlli ildən–ilə ötürülürdü. Bir sözlə, insanlara xidmətin bu istiqaməti başlı-başına buraxılmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bazara gedib, mövcud durumla tanış olduqdan sonra tədbirlərini müəyyənləşdirdi. Təklif etdi ki, yeni avto dayanacaq tikilsin, “Saat meydanı” adı ilə  əvvəlki dayanacaqda yeni məkan yaradılsın. Layihə artıq reallaşıb. Burada hündür qüllə üzərində saat, ondan yuxarı hissədə monitor quraşdırılıb. Müasir memarlıq  üslubunda tərtibat aparılıb-çəmənlik salınıb, gəzinti yerləri daşla döşənib.Meydanın ətrafındakı ticarət obyektləri yeni formada tərtib olunub, bazarın alaqapısı qurulub. Əvvəlki vəziyyətdən əsər-əlamət qalmayıb, hər şey insana xidmətə, sahibkara köməyə yönəldilib. Bazarın içərisi də abadlaşıb, asfaltlanıb, sanitariya vəziyyəti yaxşılaşıb.
“Saat meydanı”nın açılış tədbiri 2 avqust 2016-cı il tarixdə keçirilib. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açaraq bildirib ki, uzun illər əhalinin tələbatı səviyyəsindən çox aşağıda duran bazar və onun qarşısındakı  meydan bu gün xalqa nümunəvi  xidmətin əsil məkanına çevrilib. Biz bunu rayonda gedən  sürətli və geniş miqyaslı tikinti, quruculuq və abadlıq işlərinin davamı kimi qiymətləndiririk. “Saat meydanı” bu ərazidə yaşayan və bazardan istifadə edən vətəndaşlar üçün əsil rahatlıq yaradıb. İsmayıllı bələdiyyəsinin layihənin icraçısı kimi fəaliyyəti  də təqdir olunmalıdır.
İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, dövlət qulluğu veteranı Valeh Salehov, müəllim Etibar Abdulov və başqaları çıxış edib, yaşamaq, işləmək, insanların sosial həyatını zənginləşdirmək üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərindən minnətdarlıqlarını bildiriblər.
İştirakçılar layihənin ideya müəllifi, RİH-nin başçısı Mirdaməd Sadıqova “Saat meydanı”nın tikintisinə göstərdiyi hərtərəfli dəstəyə görə razılıqlarını bildiriblər.

Keçidlər