Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, üçüncü texniki dərəcəli avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr idi. Yenidənqurmadan sonra yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib, dağılmış suötürücü borular yenilənib, köhnələri bərpa edilib.
Yolun ikinci kilometrliyində Mehmanlı çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün də inşası aparılıb. Daha bir körpü Kürdmaşı çayı üzərində tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanı və məlumatverici tablolar quraşdırılıb, 12 yeni avtobus dayanacağı inşa edilib.
Diqqətə çatdırıldı ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.