Multikulturalizm ili ilə əlaqədar yığıncaq keçirilmişdir
İsmayıllı Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq avqustun 19-da Təzəkənd kəndində “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın və multikulturalizmin məkanıdır” mövzusunda yığıncaq keçirilmişdir.
Təzəkənd, Yeniyol, Qaraqaya, II Yeniyol kənd ictimaiyyəti nümayəndələrinin, dindarların, gənclərin və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açmış, multikulturalizim və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu, bu sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Radikalizmə, qeyri-ənənəvi təriqət və dinlərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir.
Təzəkənd kənd orta məktəbinin direktoru Elxan Bədəlov, müəllimlər Ağalar Bədəlov, Hacalı Səlimov, kənd icra nümayəndəsi Feyruz Kərimov, dini ayinlərin icraçısı Mehman Babayev və başqaları çıxış edərək dinlərarası münasibətlər, dini maarifləndirmənin zəruriliyi, tolerantlıq və multikultural dəyərlərin müasir aspektləri, radikalizm, ekstremizm, islamafobiyaya qarşı güclü mübarizə tədbirlərinin həyata keçirilməsi barədə məlumat vermiş, gənclərin yad meyllərdən qorunmasının zəruriliyini vurğulamışlar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Fitnə” filmi nümayiş etdirilmişdir.