İsmayıllıda təhsil bayramı
31.08.2016-cı il tarixdə İsmayıllıda rayonunda ötən dərs ilinin uğurlu yekunlarına həsr edilən təhsil bayramı keçirilib.
Rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində ali məktəblərə daxil olan abituriyentlər, onların müəllimləri, rayon ziyalıları, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət vəkililəri Novruzəli Aslanov və Tahir Kərimli və şair Baba Vəziroğlu yüksək balla ali məktəblərə qəbul olunan məzunları təbrik edib, ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasından danışıblar.
İsmayıllı rayon təhsil sistemində son illər qazanılan diqqətəlayiq nəticələrdən bəhs edən natiqlər bu uğurları ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı milli təhsil strategiyasının məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, ötən dərs ilində rayon üzrə tam orta məktəbləri 885 nəfər bitirib. Ali məktəblərə sənəd verən 530 nəfərin 293-i tələbə adını qazanıb. Qəbul imtahanlarında 1 nəfər 700 bal, 28 nəfər 600-dən, 46 nəfər isə 500-600 arası bal toplayıb və 3 nəfər tam orta məktəbi qızıl medalla bitirib.
Bayram tədbirində 600-dən çox bal toplayan abituriyentlərə planşet dəstləri hədiyə edilib. Habelə ali məktəblərə yüksək balla qəbul olunan 74 abituriyentin hamısı qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Təhsil bayramı geniş konsert proqramı ilə davam etdirilib.