“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Əhən kəndində keçirildi.
İsmayıllının siyasi-ideoloji və sosial həyatında əvəzsiz rolu olan “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi ucqar dağ kəndi olan Əhəndə -son illərin uğurlu layihələrindən olan klubda keçirildi. Buraya qonşu Brovdal, Çandahar, Zarat, Qoydan, Varna, Həftəsov kəndlərindən də nümayəndələr dəvət olunmuşdu.
“Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusunda 21 sentyabr 2016-cı il tarixdə keçirilən məşğələni giriş sözü ilə “Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirov açdı. Dövlət qulluğu veteranı Valeh Salehov mövzu ilə əlaqədar təhlili məruzə etdi.
Tədbirin davamını aparan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qeyd etdi ki, rayon icra hakimiyyətinin rəhbərliyi ideoloji işi, mənəvi quruculuğu, Heydər Əliyev siyasətinin davamında hər bir rayon sakininin fəal iştirakı üçün şərait yaradılmasını fəaliyyətinin əsasında görür. Bunun nəticəsidir ki, müstəqilliyin bəhrələrini İsmayıllılar son illər daha çox müşahidə edirlər. Cənab Prezident İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə İsmayıllıya səfəri zamanı görülən işlərdən razı qalması hamımızı sevindirib, hamımızda yeni səfərbərlik yaradıb.
S.Əhmədova sonra sözü Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdiliyə verdi.
Məşğələdə gənc müəllim Samirə Bağırovanın, əmək veteranı Gülxıs Şərifovanın, Əhən İƏD üzrə nümayəndə Vüqar Bəşirovun çıxışları dinlənildi.
Məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Məşğələdə rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, mərkəzi xəstəxanın baş həkimi Aydın Əsədov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov iştirak edirdi.
Məşğələdən sonra rayon mədəniyyət və turizm şöbəsinin bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış etdi. İştirakçılar hər iki tədbirdən məmnun qaldıqlarını bildirdilər.