İsmayıllıda regional Bilik Evi açıldı.
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun regional Bilik Evinin açılışı olub.
Açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, yerli ziyalılar iştirak edib. Mərasimin aparıcısı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova regional Bilik evinin məhz İsmayıllı rayonunda açılmasının sevindirici hadisə olduğunu qeyd edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Bilik Evinə məkan verdiklərinə və Fondun layihələrini daim dəstəklədiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. O.Səmədov açılış mərasiminin məhz Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsinin təhsil ictimaiyyəti üçün hədiyyə olduğunu bildirib. İcraçı direktor bütün ismayıllıları, o cümlədən ətraf rayonların sakinlərini Bilik evini öz evləri bilməyə çağırıb. Bilik Evində fəaliyyət göstərəcək kurslardan danışıb.
Açılış mərasimində iştirak edən İsmayıllı rayonundan millət vəkili Novruzəli Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə, təhsilə qayğısından söz açaraq, Bilik Evinin açılmasını bu qayğının nümunəsi olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, rayon əhalisi Bilik Evindən səmərəli istifadə edəcəkləri təqdirdə həm özlərinin, həm də cəmiyyətin inkişafına böyük təkan vermiş olacaqlar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov təhsilin hər bir ölkənin inkişafında ən vacib sahə olduğunu bildirib. İcra başçısı qeyd etdi ki, yalnız elmin gücü ilə qalib gəlmək olar və elmli şəxs daim təmsil etdiyi ölkənin uğurlarına çalışır. M.Sadıqov Bilik Fonduna bundan sonra da dəstək verməyə hazır olduqlarını deyib və rayon əhalisini Bilik Evi ilə əməkdaşlıqda aktiv olmağa dəvət edib.
Gənc müəllimə Səbinə Bağırlı Beynəlxalq müəllimlər günündə Bilik Evinin açılışını heç vaxt unudulmayacaq hadisə adlandırıb. Elmin inkişafına gözəl şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Açılış mərasimindən sonra icra başçısının, Bilik Fondu nümayəndələrinin, rayon ictimaiyyətinin, gənclərin iştirakı ilə ilk Dəyirmi masa keçirilib, rayona qabaqcıl ziyalılar, gənclər çıxış edərək Bilik Evinin regionun bilik mərkəzinə çevriləcəyini vurğulayıb.