Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı RK-nin İsmayıllıda regional seminarı
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi İsmayıllıda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Göyçay, Şamaxı, Qobustan və başqa rayonların nümayəndələrinin iştirakı ilə ATİAHİ-nın ilk, rayon, şəhər və rayon hüquqlu təşkilatlarında hesabat seçki yığıncaqlarının keçirilməsinə həsr olunmuş seminar keçirib. İştirakçılar ilk növbədə müasir üslubda yenidən qurulmuş Mədəniyyət mərkəzində olublar. Onlar milli musiqi və mahnılarla qarşılanıb. Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi və yeni yaradılmış “Turizm bazarı” ilə tanış olublar.
“Qala” şadlıq sarayında keçirilən tədbiri giriş sözü ilə ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov açıb. Mövzusu və profilindən asılı olmayaraq rayonda keçirilən bütün tədbirlərə təşkilatı və informasiya dəstəyi göstərən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov regional seminarda çıxış edərək həmkarlar təşkilatları ilə tərəfdaşlıq şəraitində səmərəli iş aparılmasından, təhsil uğurlarından, müəllimlərin əmək və sosial şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən ətraflı danışıb.
ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə mövzu ilə əlaqədar məruzə edib. Şəki, Qobustan, Şamaxı, Oğuz rayon komitələrinin sədrlərinin çıxışı dinlənilib. Suallara cavab verilib.
Nümayiş etdirilən videofilm vasitəsilə iştirakçılar İsmayıllıda gedən geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri ilə tanış olublar.
Seminar təcrübə mübadiləsi baxımından da səmərəli olub.