Səngərlərdə keçən ömür
Bəşər tarixi həmişə müharibələrlə dolu olmuşdur. Müharibə insanlara kədər, fəlakət və faciələr gətirmişdir. Belə müharibələrdən biri də 1941-ci ilin iyun ayının 22-də alman faşizminin ölkəmizə xaincəsinə hücumu ilə başlanmış Böyük Vətən müharibəsidir. Bu ağrı-acıları yaşayan insanların bir neçəsi İsmayıllı şəhərində yaşayır. Onlar böyük bir ömrün, tarixin salnaməsidir. Belə bir ömrü yaşayan insanlarda bir olan Səttar Məsumovun müharibə döyüş yollarında keçən mənalı ömrü ilə tanış olmaq məqsədilə bir neçə şagirdlə birlikdə böyük gül dəstələri apararaq məktəbimizin hərbi rəhbəri Əli Əliyev başda olmaqla müharibə veteranının evinə yollandıq. Onunla söhbətlərimz səmimi və maraqlı oldu.
Məsumov Səttar Hacıbaba oğlu 1922-ci il may ayının 1-də Lahıc qəsəbəsində anadan olmuşdur. Orta məktəbi Lahıc qəsəbəsində bitirdikdən sonra savadsız qadınlara evlərdə dərs verməyə başlamışdır. Müharibə başlananda o da könüllü olaraq cəbhəyə getmişdir.
Məsumov Səttarın cəhbə yolları ağır sınaqlardan keçdi. Dəfələrlə ölümlə üzləşdi. Lakin bu onun qələbəyə olan inamını qırmadı. 1944-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak etdi. 77-ci motoatıcı və 416-cı Taqanraq diviziyalarında şərəfli bir döyüş yolu keçdi.
S.Məsumov hərbi xidmətdən qayıtdıqdan sonra yenə də arxa cəhbədə işini davam etdirdi. Müxtəlif vəzifələrdə işləyərək yenə də ömrünün mənasını xalqa xidmət etməkdə gördü. O, Lahıc və Əhən kənd sovetlərində katib, sonralar Lahıc mədəniyyət evində müdir işləmişdir.
1950-ci ildə rayon mərkəzinə köçərək milis şöbəsində milis nəfəri kimi fəaliyyət göstərmişdir. Sonralar VVAQ şöbəsinə müdir təyin olunmuş, təqaüdə çıxana qədər həmin vəzifədə çalışmışdır. Vəzifədə işlədiyi vaxtlarda da təhsilini artırmaq, ali məktəbə qəbul olmaq arzusu ilə yaşamış, bu məqsədlə 1969-cu ildə Dadaş Bünyatzadə adına Xalq Təsərrüfatı İnistitunun qiyabi şöbəsinə qəbul olunaraq təhsilini davam etdirmişdir.
Səttar Məsumovun 4 övladı, 10 nəvəsi, 4 nəticəsi var. Övladlarının hamısı, nəvələrinin isə 7-si ali təhsillidir. Böyük bir nəslin daşıyıcıları olan övladları atalarının keçmiş döyüş yolu, vətənə, xalqa xidmətləri ilə fəxr edirlər.