Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının sosial-iqtisadi inkişafının doqquz aylıq yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

19 oktyabr 2016 | 16:00

 

19 oktyabr 2016-cı il tarixdə rayon icra hakimiyyətinin akt zalında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının doqquz aylıq  yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığncağı giriş nitqi ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov demişdir:
Məlumunuz olduğu kimi, oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Ölkə Prezidenti giriş və yekun nitqində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının nəticələrini ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə tapşırıqlar vermişdir.
Cənab Prezident qeyd etmişdir ki, 2016-cı ildə dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Buna  baxmayaraq Azərbaycanın uğurlu inkişafı təmin edilib, ölkədə ictimai-siyasi sabitlik möhkəmləndirilib. 9 ayda 121 mindən çox daimi iş yeri açılıb.
İlin 9 ayında xarici siyasətimiz də çox fəal xarakter alıb. Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı səfər edib. Ölkə Prezidentinin çoxsaylı xarici səfərləri beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmiz öz hərbi potensialını bir daha gücləndirib. Bu gün Azərbaycan ordusu istənilən hərbi vəzifəni icra edə bilmək qüdrətindədir.
Cənab Prezident nitqində qeyd edib ki, Respublikada qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2.4 faizdən çox artıb. Kənd təsərrüfatı sahəsində ölkədə aparılan irimiqyaslı işlər yaxın gələcəkdə bu sahədə daha yüksək nəticə əldə etməyə imkan yaradacaq.
Bu gün ölkəmizin  dünyada oynadığı rol çox önəmlidir. Azərbaycanın nüfuzu, təsir imkanları gündən-günə artır. Ölkəmiz öz daxili imkanlarına söykənərək iqtisadi və siyasi inkişafını təmin edir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün siyasi, iqtisadi, hərbi gücünü daha da artırır.
Respublika Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasət, tövsiyə və tapşırıqlar  2016-cı ilin 9 ayında rayonumuzda da uğurla həyata keçirilib. Ən yadda qalan hadisə 10 avqust 2016-cı il tarixdə Prezident İlham Əliyevin İsmayıllıya tarixi səfəridir. Səfər zamanı Qafqazda yeganə “İSMA BİKES” velosiped istehsalı zavodunun, 30 –dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş gəlişini xeyli asanlaşdıran, əsaslı şəkildə yenidən qurulmuş Qaraməryəm-İsmayıllı avtomobil yolunun, əsaslı təmirdən sonra Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulmuş beş qrupluq körpələr evi-uşaq bağçasının, ümumi layihə gücü 1.6 meqavat olan “İsmayıllı –2“ Su Elektrik Stansiyasının açılışını edib.
Giriş nitqindən sonra RİH-nin başçısı Mirdaməd Sadıqov 9 ayın sosial-iqtisadi inkişafının bütün istiqmətlərini əhatə edən nailiyyətlər, uğurlar, bəzi sahələrdə qalmaqda olan geriliklər və qarşıda duran daha mühüm vəzifələr barədə əhatəli və təhlili məruzə edib.
  Müzakirələrdə rayon kənd təsərrüfatı  idarəsinin rəisi Həsən Həsənov, Təhsil Nazirliyinin 3 saylı regional  maliyyə və hesablaşma mərkəzinin direktoru Elxan Cavadov, rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov və başqalarının çıxışları dinlənilib.
İşgüzar və növbəti vəzifələrin icrasına səfərbərlik şəraitində keçən yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış edib. Yığıncaqda səslənən təkliflər və tənqidi qeydlər nəzərə alınmaqla qərar layihəsi qəbul edilib.
Hesabat yığıncağının iştirakçıları yekdilliklə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə müraciət qəbul ediblər.

Keçidlər