Tarixçi, rusiyalı siyasi analitiklə görüş.
26 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə V Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsovun İsmayıllıda yerli əhali ilə görüşü keçirilib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova, Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov, 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, məktəblilər, yerli ziyalıların nümayəndələri iştirak ediblər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşən qonaq sonra rusların kompakt halında yaşadığı İvanovka kəndinə yola düşüb. Hər iki tədbirdə tarixçi alim iştirakçılara beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə danışıb. Professor bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.
O.Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» əsərinin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda, digər qurum və təhsil müəssisələrində dəfələrlə təqdimatı keçirilib.
İvanovka kənd məktəbinin direktoru Mixail Uryupin professorun «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» adlı əsərinin tarix elminə töhfə verdiyini və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olduğunu vurğulayıb. Daha sonra O.Y. Kuznetsov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 160-dan çox elmi işin, o cümlədən 8 monoqrafiyanın, ali məktəb üçün 3 dərs vəsaitinin müəllifi olan O.Kuznetsovun bir çox əsərləri ingilis, alman, fransız, türk və Azərbaycan dillərinə tərcümə olunub. O.Kuznetsov həm də Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi, coğrafiyası üzrə mütəxəssisdir, hüquq müdafiəsi sahəsində də geniş fəaliyyət dairəsinə malikdir. Hazırda Moskva və Tulanın ali təhsil ocaqlarında elmi-araşdırıcı fəaliyyətlə məşğuldur.