İsmayıllıda kənd təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd edilib.
Hər il olduğu kimi bu il də kənd təsərrüfatı işçilərinin peşə bayramı rayonumuzda təntənəli şəkildə qeyd olundu. İlk öncə tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüldü.
“Qala” şadlıq sarayında keçirilən bayram tədbirində rayonda 2016-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər - kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi, aqrar sahədə qazanılan uğurlar və bu istiqamətdə aparılan digər tədbirlər barədə videoçarx nümayiş etdirildi. Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev kənd təsərrüfatı işçilərini rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından peşə bayramı münasibətilə ilə təbrik etdi və bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Fəxri fərman və pul mükafatlarını təqdim etdi.
Prokuror Ülvü Abbasov, RİHB-nin İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Olqa Jabina, Qubaxəlilli kəndində fəaliyyət göstərən toxumçuluq təsərrüfatının rəhbəri Müşfiq Həsənov çıxış edərək aqrar sahənin əhəmiyyətindən danışdılar və bayram münasibətilə bütün kənd təsərrüfatı işçilərini təbrik etdilər.
Sonda rayon kənd təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov çıxış edərək ölkə rəhbəri İlham Əliyevə kənd təsərrüfatının inkişafına göstərdiyi hərtərəfli dəstəyə, yaratdığı yüksəliş mühitinə görə bütün rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi.
Tədbirin gedişində rayon Mədəniyyət evinin “Niyal” instrumental ansamblı kənd əməkçilərinə həsr olunmuş nəğmələrlə çıxış etdi.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon kənd təsərrüfatı işçiləri adından müraciət qəbul olundu.