3 saylı məktəb-liseydə şəhər sakinləri ilə görüş-qəbul
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün cari və perspektiv planlarını, ilkin layihələrini müntəzəm olaraq hər həftənin dördüncü günü yerlərdə keçirdiyi görüş-qəbullarda və başqa tədbirlərdə verilən təkliflər, optimal məsləhətlər əsasında həyata keçirir.03 noyabr 2016-cı il tarixdə də belə olub.
Şəhər 3 saylı məktəb-liseyin akt zalına 100-dən çox ətraf küçələrin sakini və müəllim toplaşmışdı.
RİH-nin başçısı Mirdaməd Sadıqov tədbirə səmimi, insanların daxili aləminə yönəlik çıxışla başladı. Təhsil sahəsində, sosial-iqtisadi inkişafda, tikinti-quruculuq və abadlıq işlərində, kənd təsərrüfatı istehsalında, əhaliyə, xüsusilə onun imtiyazlı qruplarına göstərilən dövlət qayğısından danışıb. Əsassız olaraq özəlləşdirilmiş torpaqların qanuni əsasda əkin dövriyyəsinə qaytarılması yollarından bəhs edib. Mirdaməd Sadıqov onu da bildirib ki, təhsilin inkişafı, təhsil qanununun həyata keçirilməsi üçün ardıcıl və sistemli tədbirlər davam etdirilir.
İnsanları uzun illərdən bəri narahat edən məsələlər, ortaya çıxan problemlər öz həllini tapdığı üçün görüş-qəbulda şikayət notları eşidilməyib. Bir abonentin elektrik sayğacının yerinin dəyişdirilməsi, “Günəşli” qəsəbəsində bir neçə küçəyə çınqıl döşənməsi, məktəb ətrafındakı səkilərin döşəməsinin təmiri, Ə.Ələkbərzadə küçəsinin yeni asfalt örtüyünün kənarlarına piyadaların hərəkətini tənzimləmək üçün xətt çəkilməsi, məktəbə tərəf gələn Natiq Behdiyev küçəsinin işıqlandırılması xahiş edilib. 65 yaşı əsas götürərək təcrübəli, təltifli, mükafatlı müəllimlərin pedaqoji işdən uzaqlaşdırılmasının yolverilməz olduğu deyilib.
Həmişə obyektiv fikirləri və düzgün mövqeyi ilə seçilən riyaziyyat müəllimi Natiq Salmanov rayonda dövlətin sosial-iqtisadi siyasətinin uğurla həyata keçməsindən, küçələrin asfaltlaşdırılmasından və işıqlandırma sistemlərinin quraşdırılmasından, məktəblərin əsaslı surətdə təmirindən, rayonda saf mənəvi mühitin yaranmasından danışıb. Qeyd edib ki, bunlara görə əhali rayon rəhbərliyindən razıdır.
Qəbul-görüşün sonunda RİH-nin başçısı qaldırılan bütün məsələlər, təkliflər və edilən xahişlərlə əlaqədar tapşırıqlar və icrası üçün konkret vaxt verib.