İsmayıllıda Dövlət Bayrağı günü qeyd olundu.
Dövlət bayramlarının, tarixi günlərin, siyasi və ideoloji hadisələrin qeyd olunduğu məkan – Heydər Əliyev Mərkəzi Dövlət Bayrağı günü iştirakçılarının üzünə açılmışdı.
Bayram iştirakçıları əvvəlcə üçrəngli bayrağımızı 70 ildən sonra ilk olaraq ürəklərdən alıb millətin başı üzərinə qaldıran ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət etdilər, önünə tər çiçəklər qoydular.
Bayram tədbirini geniş giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açdı və Dövlət Bayrağımızın tarixindən, milli bayrağımızın təsis edilməsindən Azərbaycan Demokratik Cümhuriyyətinin xidmətlərindən, blokadaya salınmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin heç kimdən, heç şeydən çəkinmədən ADR-dən miras qalmış milli bayrağımızı cəsarətlə Dövlət Bayrağı kimi qəbul etməsindən danışdı və tədbir iştirakçılarını, onların timsalında bütün rayon əhalisini təbrik etdi.
Dövlət Himni səsləndi.
Rayon məhkəməsinin hakimi Azad Əliyev, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, rayon təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova çıxış etdi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir Mərkəzi Meydanda davam etdirildi.
Meydana xor kollektivinin oxuduğu himn sədaları altında böyük bayraq gətirildi. Meydandakı Dövlət bayrağı qaldırıldı. Bayrağa, dövlətə, vətənə, ümummilli liderə həsr olunmuş mahnılar və marşlar, cəngi səsləndi. Meydanı müxtəlif mövzulu hərbi idman oyunlarında qalib gələn gənclər əhatəyə almışdı.
Dövlət bayrağı günü ilə əlaqədar keçirilən tədbirlər davam edir.