Forma və məzmunca zəngin tədbirlər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqilliyinə əbədilik xarakteri verdiyi ölkəmizin vətəndaşı olmaq şərəfini sevinərək yaşayan ismayıllılar forma və məzmunca zəngin, rəngarəng yubiley tədbirləri həyata keçirirlər. Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak edənlərin sayı ölçüyəgəlməzdir. Hər bir rayon sakini, hər bir idarə, müəssisə və təşkilat, ümumtəhsil məktəbi çalışır ki, ümummilli lider Heydər Əliyevin ruhu qarşısında olan borcunu daha maraqlı, daha yaddaqalan tədbirlə qismən də olsa ödəsin.
Rayon İcra Hakimiyyəti ötən müddətdə YAP rayon təşkilatı və Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə bütün inzibati ərazi dairələrində Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirmişdir. 38 yerdə sakinlərin çox razılıq və rəğbətlə qarşıladıqları tədbirlərdə Heydər Əliyevin həyat və fəaliyyəti, İsmayıllıya səfərləri haqqında Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, dövlət qulluğu veteranı Valeh Salehov məruzə etmiş, rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqrama və konsertə baxılmışdır. Ümummilli liderimiz Heydər Əliyev İsmayıllıya 1981-ci il iyul ayının 23-də, həmin il noyabr ayının 30-da baş verən zəlzələdən sonra dekabr ayının 5-də səfər etmişdir. Həmin səfərlər zamanı ulu öndərlə görüşən, onun isti münasibətini görən, səfərbəredici nitqini dinləyən insanları Rayon İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində bir araya gətirdi, gənclərlə onların görüşünü təşkil etdi.
Şəhərin Mübariz Orucov küçəsində yaşayan Pərişan Mahmudova, Əmək Veteranı Alıcan Süleymanov, dövlət qulluğu veteranı Gözəl Osmanova, Xəlilli kəndində briqadir işləmiş Əlvan Qurbanov, Kürdmaşı kənd sovetinin sədri olmuş Sənubər Zeynalova görüşdəki çıxışları ilə iştirakçılarda ən ülvi duyğular, ən səmimi hisslər oyatdılar. Dinləyənləri Heydər Əliyev dünyasına apardılar.
90 illik yubiley rəsm, mahnı, musiqi və inşa yazıları müsabiqələri, müxtəlif idman növləri üzrə rayon spartakiadasının keçirilməsi, qaliblərin mükafatlandırılması ilə daha xarakterik olmuşdur.
Azərbaycan Respublikası Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti Rayon İcra Hakimiyyəti ilə birgə möhtəşəm konsert təşkil etmişdir. Konsert birbaşa canlı yayımla translyasiya edilmişdir.
May ayının 5-də Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov da ulu öndərin 90 illik yubileyinin təntənəsi üçün sənətini nümayiş etdirmişdir. “Gənclər Mərkəzi”ndə Alim Qasımov qızı Fərqanə ilə birgə 450 nəfər tamaşaçı üçün Heydər Əliyev ruhuna uyğun muğam dəstgahları oxumuşdur. Konsertin başlanğıcında Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli liderin musiqiyə, incəsənətə münasibəti, sənət ustalarına qayğısı barədə çıxış etmiş, Alim Qasımovun da bu mövzuda sözləri dinlənilmişdir.
Alim Qasımovun konserti yubiley təntənələrinin zirvəsinə çevrilmişdir.
Bu müddətdə rayonda keçirilən iqtisadi forumlar, elmi konfranslar, ziyalılar, qadınlar, gənclər və iş adamları ilə görüşlər də Heydər Əlievin 90 illik yubileyi ilə bağlı olmuşdur.
AMEA-nın İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu ilə birgə Rayon İcra Hakimiyyəti “İsmayıllının resurs potensialı və inkişafın investisiya prioritetləri” mövzusunda elmi konfrans keçirmişdir. Bu konfrans elmi tutumu, praktik əhəmiyyəti, perspektiv aydınlığı ilə daha çox diqqəti cəlb etmişdir.
İsmayıllıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər sırasına yeni-yeni layihələrin həyata keçirilməsini daha inamla aid etmək olar. Heydər Əliyev adına Mədəniyyət evi müasir memarlıq üslubunda əsaslı təmir olunur. Axundov və Cavanşir küçələrindəki 2-5 mərtəbəli yaşayış binalarında da bu istiqamətdə iş aparılır. Şəhərin girəcəyində ikitərəfli yol çəkilmiş, səkilər düzəldilmiş, işıqlandırma sistemi quraşdırılmışdır. 140 yerlik və 90 yerlik uşaq bağçaları binalarının tikintisinə başlanmışdır. Layihələr çoxdur, çox da əhəmiyyətlidir. Əsas mövzudan yayınmamaq üçün onların hamısını qeyd etmək yox, daha vacib bir məsələ barədə məlumatı önə çəkmək istəyirəm.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadlqov vəzifəyə başladığı ilk günlərdə verdiyi tapşırıqların birincisi ümummilli lider Heydər Əliyevin İsmayıllıya səfərləri barədə kitab hazırlamaq olmuşdur. “Mübarək səfərlər, səmimi görüşlər” adlı kitab artıq nəşr olunmuşdur və 9 May 2013-cü il tarixdə təqdimatı keçirildi. 120 nəfərin iştirakı ilə keçirilən tədbirdə ideya müəllifi və məsləhətçisi iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov olan kitabın ərsəyə gəlməsi, məziyyətləri, yüksək keyfiyyətləri barədə jurnalist Lətifə Əliyeva danışdı. Ümummilli lider Heydər Əliyev, ona həsr olunmuş kitab haqqında çox maraqlı, səmimi, ulu öndərə ehtiramla zəngin olan çıxışlar dinlənildi. Müəlliflərdən biri olan dövlət qulluğu veteranı Gözəl Osmanova M.Sadıqova üzünü tutaraq dedi: “Mübarək səfərlər, səmimi görüşlər” kitabı həyatda mənə verilən ən böyük hədiyyədir.
Bəli, təqdimat mərasiminin hər bir iştirakçısı bu dəyərli hədiyyəni əbədi xatirə kimi evinə apardı.
Heydər Əliyevin 90 illik yubileyi Qələbənin 68-ci ildönümü ilə mayın 9-da birgə qeyd edildi. Rayon İcra Hakimiyyətinin başçısı 35 müharibə veteranını təbrik etmək üçün həkimlər, müəllimlər və dövlət qulluqçularından ibarət 12 qrup yaradıb 35 veteranı təbrik etmək üçün bayram sovqatı ilə yerlərə göndərdi. Hər bir müharibə iştirakçısının evinə şagirdlər də getmiş, onlara müəyyən işlərin görülməsində kömək etmiş, xatirələrini dinləmişlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi tədbirləri çoxsaylı məktəblərin, xalq yaradıcılığı sənətkarlarının, bədii tikmə ustalarının və rəssamların iştirakı ilə “Gül-yaradıcılıq bayramı” formasında başa çatdı.
Heydər Əliyev irsinin dərindən öyrənilməsi, onun müəyyən etdiyi strateji yiolla rayon əhalisinin gedişi daha inamla, daha ardıcıllıqla davam edir.