Yubiley tədbirlərinin zirvəsi
Mənalı və çox dəyərli ömrünü xalqının xoşbəxtliyi yolunda sərf etmiş ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər 10 may 2013-cü il tarixdə keçirilən “Gül bayramı” ilə ən yüksək zirvəsinə çatdı.
Saat 10-da ümumtəhsil məktəbləri, mədəniyyət müəssisələri, Lahıc sənətkarları, mərkəzi xəstəxana güldən yaratdıqları yerli sənət əsərləri ilə Heydər Əliyev prospektindəki parkda nümayişə hazır idilər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndərin abidəsi önünə əklil qoydu. Məktəblərin, uşaq bağçalarının güldən yaratdıqları əsərləri, ümummilli lider Heydər Əliyev və akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın 90 illik yubileylərini portretləri vasitəsilə gülə çevirmişdilər. Kimisə kimdənsə fərqləndirməyə cəhd etsəm, günaha yol vermiş olaram. Onu deyə bilərəm ki, bayrama gül və yaradıcılıq nümunələri gətirən hər bir kəs ulu öndərə dərin məhəbbət, səmimi hisslər və ülvi duyğular bəsləyərək yaradıcılıq işinə yanaşmışdı.
Şəhər 1 saylı tam orta məktəbin 100-ə qədər şagirdinin Dövlət himnini oxuması, rayon incəsənət məktəbinin nağaraçılar qrupunun, üçlüyünün, ansamblının və mədəniyyət mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının çıxışları hamının xoşuna gəldi, ümummilli liderin ruhuna uyğun alqışlarla qarşılandı.
RİH-nin başçısı Mirdaməd Sadıqov bütün bayram iştirakçıları ilə birgə idmançıların göstərdiyi nömrələrə tamaşa etdi. Gül bayramına öz yaradıcılığı ilə naxış tökən, bəzək vuran şagirdlərə, gənclərə müəllimlərə təşəkkür etdi.
Sonda müxtəlif beynəlxalq və ölkə yarışlarında yüksək nəticələr əldə etmiş idmançılara fəxri fərman və mükafatları təqdim etdi.
Hamı “Gül bayramı” ndan zövq aldı, ümummilli liderə rəhmət dilədi, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası üçün bir daha səfərbər oldu.