İsmayıllıda əmək yarmarkası keçirilib.
24 noyabr 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti və rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə “Gənclər mərkəzi”ndə əmək yarmarkası keçirilib.
İşə götürənlər iş axtaranlarla birgə əvvəlcə Mərkəzin iclas zalına toplaşıblar. Rayon məşğulluq mərkəzinin direktoru Həsən Həsənov yığıncağı açaraq qeyd edib ki, ilin ötən ayları ərzində Ərazi Məşğulluq Proqramı daha da təkmilləşdirilib. 9 ayda 554 nəfər işlə təmin olunub. Onların 272 nəfəri gənc, 55 nəfəri qadın, 22 nəfəri isə məcburi köçkün olmuşdur. 328 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb edilib. 18 nəfər qeyri-məşğul vətəndaş Göyçaydakı regional peşə tədris mərkəzində 3 aylıq traktorçu-maşınçı kursuna göndərilib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qeyd edib ki, RİH əhalinin məşğulluq səviyyəsinin artması üçün ardıcıl tədbirlər görür, yeni-yeni iş yerlərinin açılması üçün layihələr həyata keçirir.Xidmət və tikinti-təmir sahələrinə daha çox işçi cələb olunur.
Toplantıdan sonra “Gənclər mərkəzi”nin foyesində işə götürənlər iş yerlərini işaxtaranlara təqdim ediblər. Yarmarkaya 69 idarə, müəssisə və təşkilat və iş adamları tərəfindən 203 boş iş yeri çıxarılmışdı. Onların 8-i qulluqçu, 103-ü fəhlə, 19-u isə xidmət sahələri üzrə idi. Əmək yarmarkasının yekunu olaraq 91 nəfər işaxtarana təklif olunan boş yerləri tutmaq üçün göndəriş verilib.