İsmayıllıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi
İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Cüdo Federasiyasının rayon bölməsi və Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirilib. Xatirə turnirində Bakı, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ və İsmayıllı komandaları-200 nəfər idmançı iştirak edib.
Açıq rayon birinciliyini rayon bölməsinin sədri Əkbər Şəfaqətov açıb. Xatirə turnirinin məqsəd və məramından danışıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyev həmişə olduğu kimi, ikinci hakimiyyəti zamanında da idmançılara və gənclərə aparıcı qüvvə kimi baxıb, onlara ən çətin işlərdə istinad edib. Ümummilli liderimizin qayğısı və diqqətinin nəticəsi olaraq Azərbaycanda idman sürətlə inkişaf etməyə başlamış, onun üçün möhkəm baza yaradılmışdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamız beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır.
İsmayıllıda da idmanın inkişafına xüsusi qayğı ilə yanaşılır. Dünya, Avropa və Azərbaycan çempionlarının sayı İsmayıllı idmaçıları sırasında artmaqda davam edir.
Daha sonra OİK-nin direktoru Tofiq Hümbətov və karate üzrə baş məşqçi Anar Həsənov çıxış edib, müxtəlif idman növləri üzrə keçirilmiş və keçiriləcək xatirə turnirlərindən danışıb, cüdoçulara uğurar arzulayıblar.
Yarışlara start verilib. Gərgin və yüksək iradə nümayişi ilə keçən və günün sonuna qədər davam edən yarışın yekunu olaraq İsmayıllı komandası birinci, Qəbələ komandası ikinci və Oğuz komandası üçüncü yeri tutub. Qaliblərə tutduqları yerlərə uyğun medallar və diplomlar təqdim olunub.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman turnirləri davam edir.