İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun şəhərin Aşağıbaş məhəlləsində görüş qəbulu
8 dekabr 2016-cı il tarixdə şəhərin Aşağıbaş hissəsində - şəhər 6 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti qəbul görüş keçirib.
Bir vaxtlar yerlərdə keçirilən qəbullar şikayətlər və narazılıqlarla başlayırdı. Burada isə indi tamamilə başqa bir mənzərə nümayiş etdirildi.
Torpaqlardan səmərəli istifadə üçün lazımi şərait yaradıldığına, enerji təsərrüfatının yenidən qurulmasına, illərdən bəri narahat durumda olan küçələrin abadlaşdırılmasına, ərazidəki uşaq bağçasının qış mövsümü ilə əlaqədar problemlərinin həllinə və insanların sosial həyatının yaxşılaşması üçün həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıq edilib.
Rayon icra hakimiyyətinin başçısı növbəti ildə qarşıda duran vəzifələrdən, öznümaliyyələşdirmə ilə əlaqədar həyata keçiriləcək tədbirlərdən ətraflı danışıb.
Sakinlərdən Rizvan Orucov, Şirxan Əliyev, Xalid Mitəlov, Hacıməmməd Məmmədov və başqaları bir sıra məsələləri diqqətə çatdırıblar. Qeyd ediblər ki, məktəbin enerji təchizatı zəifdir, bir neçə sinif otağı təmir olunsa da, əsaslı təmirə ehtiyac qalmaqdadır. Aşağıbaş məhəlləsinin bir hissəsində elektrik təchizatı yenidən işlənməlidir, gur yağışlar zamanı Əbülhəsən küçəsindən gələn sel məktəb yoluna, oradan da həmin yolun alt tərəfindəki həyətlərə tökülür, məktəbə çoxluğun gəldiyi yola çınqıl döşənməlidir.
Qaldırılan məsələlərlə əlaqədar şəhər İƏD üzrə nümayəndəliyə, İsmayıllı Bələdiyyəsinə, rayon təhsil şöbəsinə, Təhsil Nazirliyinin ərazi maliyyə və hesablaşma mərkəzinə, rayon elektrik şəbəkəsinə müvafiq tapşırıqlar verilib.
Şəhərin Aşağıbaş məhəlləsində keçirilən qəbul bir daha göstərdi ki, insanlar fərdi məsələlərdən daha çox ictimai problemlər barədə fikirləşirlər, düşüncələri bir təsərrüfat , bir məhlə, bir şəhər çərçivəsini çoxdan aşıb.