İsmayıllıda fəaliyyət göstərən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr edilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin 20 yanvar faciəsinin 27-ci ildönümünün qeyd olunması ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq bütün idarə və təşkilatları, təhsil müəssisələrini,icra strukturlarını əhatə edən silsilə tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixinə şərəfli bir səhifə kimi yazılan 20 yanvara həsr olunmuş guşələr yenilənir, zənginləşdirilir.
19 yanvarda Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi də hüzn gününə həsr olunmuşdu. İştirakçılar arasında gənclər və həmin dövrü yaşamış insanlar çoxluq təşkil edirdi.
“Heydər Əliyev idarəetmə məktəbi”nin icraçı direktoru Fərman Bəşirov tədbiri açdıqdan sonra 20 yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
20 yanvar qətliamının, mahiyyətini, dəhşətlərini əks etdirən filmə tamaşa edildi.
Dövlət qulluğu veteranı Valeh Salehov “20 yanvar Qan yaddaşımızdır” mövzusunda məruzə etdi. Rayon veteranlar şurasının sədri, ehtiyyatda olan polkovnik Əlaləm Babayev, tanınmış jurnalist Lətifə Əliyeva, peşə tədris mərkəzinin direktoru Zaur Muradov 20 yanvar hadisələrinə müxtəlif aspektlərdən yanaşaraq şəhidlərin ruhuna layiq çıxış etdilər. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rayon təhsil şöbəsi ilə birgə “20 yanvar Qan yaddaşımızdır” mövzusunda keçirdiyi inşa yazı müsabiqəsində birinci yer tutan şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Günay Nuriyeva inşasını təqim etdi. Bu təqdimatdan bir daha aydın oldu ki, gənclərimiz əsil vətəndaş kimi yetişirlər.
86 saylı İsmayıllı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Novruz Aslanov çıxışında 20 yanvar şəhidlərinin ruhuna dərin ehtiramın təzahürü olan belə hüznlü və səfərbəredici tədbirin keçirilməsini təqdir etdi. Bildirdi ki, 20 yanvar şəhidlərinin, Qarabağ müharibəsində şəhid olanların ailələri, Qarabağ müharibəsi əlilləri daim dövlətimizin diqqətindədir. Heç kim tarixin dərslərini unutmamalı,vətəni üçün bütün varlığı ilə çalışmalıdır.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda çıxış edərək bildirdi ki, 20 yanvar hadisələrinin ağır nəticələrinin aradan qaldırılmasında o zaman xalq yekdil idi, hamı bir-birinə mənəvi dayaq idi. Lakin rəhbərlik xalqdan ayrı dolanırdı. Kimlərsə yeni vəzifə axtarışında idi. Hadisələrə ilk olaraq düzgün qiymət verən, səbəbkarları lənətləyən, ordunun Azərbaycandan çıxarılmasını tələb edən ümummilli liderimiz Heydər Əliyev oldu. 20 yanvar faciəsinə qiyməti də ulu öndər Ali Sovetə sədr seçiləndən sonra verildi. Kənardan və daxildən olan təqsirkarlar müəyyənləşdirildi.
İştirakçılar tədbirdən əvvəl 20 yanvar qətliamını əks etdirən şəkillərdən, rəsm əsərlərindən, şagirdlərin əl işlərindən, kitablardan və digər çap məhsullarından təşkil olunmuş sərgiyə də baxıblar.