Topçuda görüş-qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti qəbul-görüşünü Topçu kənd sakinləri ilə tam orta məktəbin iclas zalında keçirib. 160 nəfərə qədər kənd sakininin qatıldığı görüş-qəbulda hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də iştirak edib. RİH-nin başçısı yerli maliyyələşmənin təmin edilməsi ilə bağlı görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən, yeni-yeni istehsal sahələri açılmasında hər bir bələdiyyənin, icmanın fəal iştirakının vacibliyindən, kəndin mövcud problemlərindən, onların aradan qaldırılması yollarından danışıb. Məsləhət görüb ki, bu yerlər üçün ənənəvi təsərrüfat sahəsi olan baramaçılığı və tütünçülüyü geniş miqyasda bərpa etsinlər. Meşə talalarında qoz və fındıq bağları salsınlar. Kəndin sosial məsələlərinin həlli üçün yığılıb qalmış vergi borclarını ödəsinlər. Təkliflər iştirakçılar tərəfindən məmnuniyyətlə qəbul olunub.
Sakinlərdən İlham Sadıqov, Nəriman Məmmədov və başqaları təklif ediblər ki, təzə artezian quyusunun suyu mövcud su xəttinə qoşulsun, kəndin yeni məhəlləsində transformator quraşdırılsın, qaz yanacağı ilə təchizat yaxşılaşdırılsın.
Qaldırılan məsələlərin həlli üçün aid təşkilatlara müvafiq tapşırıqlar verilib.