Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

27 fevral 2017 | 16:00

Fevralın 27-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaq öncəsi Ümummilli lider Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsi rayon rəhbərliyi və qonaqlar tərəfindən ziyarət olunub, abidənin önünə tər çiçəklər qoyulub.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, Millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, hüquq-mühafizə orqanlarının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, iş adamları, fermerlər, ictimaiyyət nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər. İştirakçılar rayonun sənaye və kənd təsərrüfatı potensialını əks etdirən sərgi ilə tanış olublar.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov geniş məruzə ilə çıxış edib, 2016-cı ildə rayonda sosial-iqtisadi, tikinti-abadlıq, kənd təsərrüfatı, sənaye və mənəvi quruculuq sahəsində görülmüş işlər, həyata keçirilən tədbirlər, həmçinin 2017-ci ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.
Məruzə ətrafında çıxışlar dinlənilib. “Buta” şirkətinin nümayəndəsi Səfa Yaqubov, “Azza-Aqro” MMC-nin icraçı direktoru Nəriman Hüseynov, rayon prokuroru Ülvi Abbasov, rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov, İvanovka İƏD üzrə nümayəndə Olqa Jabina, Gəraybəyli kənd tam orta məktəbinin gənc müəllimi Aygün Səfərəliyeva, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev və başqaları çıxış edərək son illər və hesabat dövründə rayonda görülmüş işlər, həyata keçirilən tədbirlər, iqtisadi, sosial inkişaf, qarşıda duran vəzifələr barədə danışıblar.
Milli Məclisdə təmsil etdikləri bölgənin problemlərinin həlli istiqamətində gördükləri işlər barədə Millət vəkilləri Novruzəli Aslanov və Tahir Kərimli məlumat verib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, onun İsmayıllıya etdiyi səfər zamanı verdiyi tövsiyə və tapşırıqlardan, rayonun inkişafı istiqamətində qarşıda duran vəzifələrdən danışıb, problemlərin həlli yolları barədə məlumat verib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

 

Azərbaycan Respublikasının Prezidenti     
Zati -Aliləri cənab İlham Əliyevə

İsmayıllı rayonunun 2016-cı il sosial-iqtisadi inkişafının yekunlarına və  2017-ci ildə qarşıda  duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı iştirakçılarının
           Müraciəti

   Möhtərəm cənab Prezident!
   Biz-2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları dövlətimiz qarşısında məsuliyyətimizi dərindən dərk edərək bildiririk ki, 10 avqust 2016-cı il tarixdə İsmayıllıya etdiyiniz səfər zamanı qarşıya qoyduğunuz vəzifələrin sona qədər yerinə yetirilməsinə səfərbər olmuşuq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışınız bizim səfərbər sıralarımızı daha da sıxlaşdırmışdır. 2016-cı ilin sosial-iqtisadi inkişafı ilə əlaqədar müəyyən etdiyimiz hədəflərə uğurla çatmışıq. Rayonun özünümaliyyələşməsi üçün əsas yaranıb. Bir sıra unudulmuş təsərrüfat   sahələri-tütünçülük və baramaçılıq bərpa edilmiş, tapşırığınızın nəticəsi olaraq 500 hektar ərazidə fındıq bağları salınmış, kənd təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və ona elmi yanaşma  daha yüksək nəticələr qazanmağımıza şərait yaratmışdır.
          Biz bütün varlığımızla ali şəxsiyyətinizə minnətdar  olaraq bildiririk ki, dünya nizamının  pozulduğu bir zamanda, obyektiv çətinliklərin mövcud olduğu bir şəraitdə  Sizin rəhbərlik qüdrətinizlə, idarəetmə ustadlığınızla hər bir bölgə, bütövlükdə ölkə inkişaf tempini davam etdirir.Neft sektorundan gəlirlər azaldıqca  qeyri neft sektorunda gəlirlər artır. Kənd təsərrüfatı istehsalanın yeni müasir sahələri yaranır.
Xarici siyasətdə, diplomatik fəaliyyətdə qazandığız qələbələr ölkə həyatının sabitliyini və təhlükəsizliyini təmin edir. Bütün İsmayıllı sakinləri adından sabaha daha böyük ümidlə bildiririk ki, uğurlarımız, nailiyyətlərimiz, problemlərin  müvəffəqiyyətlə həlli yaratdığınız bu şəraitin nəticəsidir.
Hesabat yığıncağında keçən il görülmüş işlərə təhlili və tənqidi yanaşmaqla yekun vurmuş, 2017-ci il üçün müəyyən etdiyimiz ilkin layihələri müzakirə etmiş, icrası üçün proqram müəyyənləşdirmişik. 2017-ci il və gələcək illər üçün layihə və proqramları hazırlamaqda mütləq olaraq Sizin Sərəncam, göstəriş, tapşırıq və tövsiyələrinizi, imzaladığınız sosial-iqtisadi inkişaf proqramlarını əsas götürmüşük.
Möhtərəm cənab Prezident!
         Beynəlxalq arenada  özünü bir siyasətçi kimi təsdiq etmiş Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin etməyiniz bütün İsmayıllı ictimaiyyəti tərəfindən bəyənilir, təqdir olunur və ürəkdən alqışlanır. Azərbaycan naminə birgə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.
Siz İsmayıllıya səfəriniz zamanı ictimaiyyət nümayəndələri ilə görüşünüzdə demişdiniz: “İsmayıllı rayonunun inkişafı da məni sevindirir” .İsmayıllılar da Sizin varlığınıza, Sizin Prezidentliyinizə, Azərbaycanımızın bu gününə və gələcəyinə, xalqımızın həyatına, milli yüksəlişimizə ürəkdən sevinirlər.
Allah Sizi sevindirsin. Azərbaycanımız, xalqımız, ölkənin  hər bir vətəndaşı üçün var olasınız!

  Dərin hörmət və ehtiramla:
İsmayıllı rayonunun 2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat  yığıncağının  iştirakçıları.
 27 fevral 2017-ci il

Keçidlər