İsmayıllı RİH-nin başçısı Ruşan və Vəng kəndlərində görüş-qəbul keçirib.
Ruşanda
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müntəzəm və ardıcıl olaraq yerlərə gedir,sakinlərlə görüş-qəbullar keçirir,qaldırılan məsələlərin həlli üçün tədbirlər hazırlayır.
28 fevral 2017-ci il tarixdə Ruşan kənd sakinləri ilə başçının görüş-qəbulu bir daha göstərdi ki, müxtəlif milli, etnik qrupların, dil və coğrafi məkan mənsublarının məskunlaşdığı Ruşan kəndinin sakinləri həmişə olduğu kimi dövlət mövqeyindədirlər, vətəndaş olaraq üzərlərinə düşən vəzifələrin mahiyyətini dərindən dərk edir və onların icrası üçün fəallıqla çalışırlar. Cənab Prezidentin qayğı və diqqətinə əməli işlərlə cavab verirlər. Çalışırlar ki, rayonun ümumi inkişafında daha çox payları olsun.
Görüş-qəbulu açan RİH-nin başçısı Mirdaməd Sadıqov ruşanlıların bu keyfiyyətlərini təqdir edərək kəndin mövcud durumundan danışıb. Bildirib ki, kəndə qaz xəttinin çəkilməsinə çox ciddi ehtiyac var. Kənddaxili elektrik xətlərində olan 20 yararsız dirək dəyişdirilməlidir. Kəndarası yolların abadlaşdırılması gündəlikdə duran əsas məsələlərdəndir. Ruşanın sosial problemlərinin həlli üçün vergi borcları vaxtında ödənilməli, ABAD xidmətdən yararlanmaqla müxtəlif təsərrüfatçılıq formalarından istifadə olunmalı, səhmdarlar cəmiyyəti və ya aqropark yaradılmalıdır.
Bir çox digər məsələlərin uğurlu həlli üçün məsləhətlər verən Mirdaməd Sadıqov daha sonra iştirakçıları dinləyib.
Pensiyaçı müəllim İnqilab Məmmədov bir daha qaz çəkilişindən söhbət salıb, direktor Rəna Məmmədova yeni məktəb binasına çox ciddi ehtiyac olduğunu bildirib, kənd sakini Şəmistan Xıdırov səmimi görüş üçün sakinlər adından təşəkkür edib, eyni zamanda deyib ki, toplaşmaq, tədbir, yığıncağ keçirmək üçün münasib bina yoxdur. Bu və digər məsələlərlə əlaqədar Mirdaməd müəllim aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.
Böyük səmimiyyət və qarşılıqlı hörmət şəraitində keçən görüş-qəbuldan hamı razı qalıb.
Vəngdə
Vaxtilə 4-5 evin bacasından tüstü çıxan Vəng kəndində indi 406 nəfər sakin, 88 təsərrüfat, 78 ev vardır. Bir zamanlar bağlanmış məktəb indi 74 şagirdlə tam orta məktəb kimi fəaliyyət göstərir. Əhali maldarlıq və taxılçılıqla məşğuldur. Bu günkü inkişafa, sosial həyat səviyyələrinə görə qəbul-görüşə gələnlər dövlətə,dövlət başçısına minnətdarlıq ediblər.
İştirakçıların çox olduğu görüş-qəbulu açan RİH-nin başçısı Mirdaməd Sadıqov kənd təsərrüfatı istehsalı sahəsində hər bir fiziki və hüquqi şəxsin, fermerin, icra və özünüidarəetmə strukturunun üzərinə düşən vəzifələrdən, sosial məsələlərin həllində onların fəal iştirakının zəruriliyindən danışıb. Qeyd edib ki, indi hər bir kəsin iş qurması, öz təsərrüfat fəaliyyəti ilə rayon büdcəsinin formalaşmasında səmərəli iştirakı çox əhəmiyyət kəsb edir. Hər şeyi hazır gözləməklə məqsədə çatmaq mümkün deyildir. Yeni təsərrüfatçılıq üsullarından və optimal idarəetmə metodlarından ətraflı danışan RİH-nin başçısı Mirdaməd Sadıqov sözü, təklifi, arzusu, problemi olan hər bir iştirakçını həssaslıqla dinləyib.
Yelmar Hacıməmmədov kəndin problemlərini onlardan daha yaxşı bilən Mirdaməd müəllimə ağsaqqal təşəkkürünü bildirib və xahiş edib ki, qaldırılan məsələlər gündəlik diqqətdə saxlansın. Rəcəb Həsənov xahiş edib ki, Ruşan İƏD üzrə icra nümayəndəsinin müavini Vəngdən olsun. RİH-nin başçısı bu təklifi də müsbət qarşılayıb. Pensiyaçı Əvəz Əmirov Ruşan- Vəng yolunun təmir olunmasını xahiş edib, Kəndaxili yolların təmir olunması, yarasız elektrik dirəklərinin dəyişdirilməsi təklifləri də iştirakçılar tərəfindən irəli sürülüb.
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qaldırılan məsələlərlə əlaqədar aid xidmət təşkilatlara müvafiq tapşırıqlar verib. Hansı problemlərin həlli yerli strukturların funksiyalarına daxildir, bunlar da diqqətə çatdırılıb.