İsmayıllıda tibbi müayinə yüksək səviyyədə keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq artıq dördüncü ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası İsmayıllıda uğurlu həllini tapır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, işçi qrupu təsdiqlənmiş və qrafik hazırlanmışdır. Komissyanın işinə yerli icra və müvafiq sahə qrumlarının rəhbərləri, habelə müayinəni keçirəcək səhiyyə müəssisələrinin tibbi personalı cəlb edilmişdir. Fevralın 15-də başlanan növbəti tibbi müayinələr Ismayilli əhalisi tərəfindən böyük razılıqla qarşılanıb. Mayın 1-dək davam edəcək aksiya çərçivəsində İsmayıllı rayonu üzrə 18 yaşdan yuxarı 63 min nəfərə yaxın sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Müayinələr şəhər üzrə - Rayon Mərkəzi Xəstəxanasında, Uşaq polilinikasında, RMX-nın poliklinika şöbəsində, qəsəbə və kəndlər üzrə isə Lahıc qəsəbə xəstəxanası,İvanovka kənd xəstəxanası və 11 kənd həkim məntəqəsində əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə peşəkar həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsini evlərdə və yaşadıqları ünvanda həyata keçirir. Bu günə kimi 9239 nəfər rayon sakini tibbi müayinədən keçib. Onların 203 nəfərinə ambulator müayinə təyin edilib, 55 nəfər isə stasionar müalicəyə cəlb olunub. Daha ciddi müayinə və müalicə olmaq üçün 15 nəfər Bakı şəhərinə göndərilib. Müayinə olunanlar arasında ürək-damar, qan təzyiqi, həmçinin mövsümlə əlaqədar kəskin respirator və infeksion xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər. Müayinədən keçən insanlar onlar üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.