“5 mart –Bədən Tərbiyəsi və İdman Günü”dür
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 1998-ci il tarixli Fərmanı ilə qüvvəyə minmişdir. Ümummilli lider Heydər Əliyevin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz Heydər Əliyev Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafının yeni istiqamətlərinin təməlini qoymuşdur. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. 2012-ci ilin “İdman ili” elan edilməsi idmana olan dövlət qayğısının bariz nümunəsidir. Ölkə iqtisadiyyatının sürətli inkişafı idman və bədən tərbiyəsi sahəsinidə əhatə edir. “5 mart –Bədən tərbiyəsi və İdman Günü” təsis edildiyi gündən hər il ölkədə, o cümlədən bölgələrimizdə də təntənəli şəkildə qeyd edilir. Belə ki, 03 mart 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “5 mart –Bədən tərbiyəsi və İdman Günü” münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun ən fəal idmançılarının təltifetmə mərasimi keçirildi.
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq idmançıları salamladı. “5 mart –Bədən tərbiyəsi və İdman Günü” münasibətilə hər birini təbrik etdi, idmançılara daim üçrəngli bayrağımızı zirvələrdə dağlandırmağı, himnimizi səsləndirməyi arzuladı. O, Azərbaycan idmanının tarixi barədə geniş məlumat verdi. O həmçinin İsmayıllı idmanının sürətli inkişafını, ildən –ilə artan nailiyyətləri, qazanılan çoxsaylı qələbələri qeyd etdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov rayon icra hakimiyyəti adından iştirakçıları salamladı və hər birini bayram münasibətilə təbrik etdi. Rayon rəhbərliyinin idmana göstərdiyi qayğıdan danışdı.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov da öz növbəsində idmançıları təbrik etdi, onlara heç vaxt tükənməyən qələbə əzmi arzuladı. İdmanın insan həyatı üçün çox əhəmiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırdı.
İsmayıllı Olimpiya İdman Kompleksinin əməkdaşı Anar Həsənov da iştirakçıları təbrik etdi, uğurlar arzuladı. Rayonun idman həyatından, idmanın inkişafı üçün kompleksdə hər cür şərait olduğundan bəhs etdi.
Ardınca təltifetmə başlandı. İlk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı tərəfindən 2016 –cı ilin yekunlarına görə “İlin Olimpiya Kompleksi” elan edilən, “Zəfər” Beynəlxalq idman mükafatına layiq görülən və
nazir Azad Rəhimov, Assosiasiyanın prezidenti Eldar İsmayılov və jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu tərəfindən imzalanan Fəxri fərman İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tərəfindən 53 Olimpiya İdman Kompleksi sırasında birinci yer tutan İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətova təqdim edildi.
Ardınca İsmayıllı idmanını dünya, Respublika və rayonda tanıdan ən fəal 20 nəfər idmançı İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.