Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və turizm naziri İsmayıllıda vətəndaşlarla görüş və Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirib

29 mart 2017 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir, müxtəlif məsələlərlə bağlı müraciətlər dinlənilir və həll olunması üçün tədbirlər görülür.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 29-da İsmayıllıda keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb.
Əbülfəs Qarayev, həmçinin İsmayıllı şəhər mədəniyyət mərkəzinin ərazisində təşkil edilən “Turist bazarı” ilə tanış olub. Burada köşklər, konsert səhnəsi, turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhə qurulub. Misgərlər, xalçaçılar, kəlağayı ustaları, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini nümayiş etdirirlər. Nazir “Turist bazarı”nın fəaliyyətinin genişləndirilməsi, turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Qəbələ, Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçirilib.
Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
İsmayıllıdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon ərazisindəki Cavanşir qalasının bərpası, tarixi-mədəni abidələrin, turistlərin cəlb olunması üçün əhəmiyyətli yerlərin göstərici nişanları və reklam lövhələrinin hazırlanması, İsmayıllı ilə “qardaşlaşmış şəhərlər”də rayonun folklor və musiqi kollektivlərinin, sənətkarlarının çıxışlarının təşkilinə köməklik göstərilməsi xahiş edilib.
Ağsu rayonundan qəbula gələnlər orta əsr Ağsu şəhər yerinin qoruq və ya açıq hava altında muzeyə çevrilməsi, peşəkar rəssamların əsərlərinin sərgisinin təşkili, musiqi alətlərinin istehsalı, təmir edilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.
Qəbələ sakinlərinin müraciətləri rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən Xalq teatrının ölkəmizdə keçirilən teatr festivallarında iştirakı, Uşaq incəsənət məktəbində skripka sinfinin açılması, Vəndam qəsəbə Sənətkarlıq evinin fəaliyyəti, vətənpərvərlik mövzularına həsr olunmuş mahnılardan ibarət kitabın hazırlanaraq klub müəssisələrinə verilməsi kimi məsələlərlə bağlı olub.
Qobustan rayonundan qəbula gələn vətəndaşlar Şamaxı Regional Kollecində mədəniyyət müəssisələri üçün kadr hazırlayan ixtisasların açılması, abidə mühafizəçiləri üçün kursların təşkil olunması, əməyin qiymətləndirilməsi barədə xahiş ediblər.
Həmçinin Şamaxı İncəsənət Təhsili Mərkəzində xalçaçılıq sinfinin açılması və müvafiq avadanlıqların qurulması, mədəniyyət müəssisələrinə uşaq filmlərinin verilməsi, kitabxanaların İslam həmrəyliyi mövzusunda nəşrlərlə təmin olunması, Şamaxı rayonunda turizmin inkişaf etdirilməsi və digər məsələlər barədə xahişlər diqqətə çatdırılıb.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

****

Martın 29-da İsmayıllı şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniştərkibli müşavirə keçirilib.
Müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin Novruz bayramı ərəfəsində paytaxtda keçirilən bayram tədbirlərində iştirakı dəyərləndirilib.
Nazir müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Həyata keçirilən struktur islahatları mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir.
Əbülfəs Qarayev Novruz ərəfəsində Bakıda müxtəlif bayram tədbirlərinin keçirilməsini, nazirliyin yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun və regional mədəniyyət və turizm idarələrinin bu işdə yaxından iştirakının təqdirəlayiq olduğunu deyib: “Bu il keçirilən bayram tədbirləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 60-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Milli Turizm Təbliğat Bürosu tərəfindən keçirilən “Novruz” festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb”.
Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətinin təşkili üçün rəngarəng mədəniyyət proqramları, layihələr reallaşdırılır. Həyata keçirilən bu tədbirlər cari ildə də davam etdiriləcək. Aprel-may aylarında Azərbaycanda ilk dəfə olaraq “Shopping Festival”, IV İslam Həmrəylik Oyunları, iyunda “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar keçiriləcək. Yeni yaradılan regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır.
Ə.Qarayev regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini xüsusi qeyd edib. Bildirib ki, bunun üçün regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Yerlərdə fəaliyyət göstərən mərkəzi kitabxanaların nəzdində açıq kitabxanaların yaradılmasının gündəmdə olduğu vurğulanıb.
Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq bildirib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdiriləcək. Həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində tapşırıqlar verilib.
Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün qarşıdakı aylarda da islahatların davam etdiriləcəyini diqqətə çatdıran nazir deyib ki, ortaya çıxan çətinliklərin həll edilməsi, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması kimi məsələlərə də xüsusi önəm verilməlidir.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova və başqaları çıxış ediblər.
Çıxış edənlər yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.
Müşavirədə regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub, təkliflər səslənib, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar işlər nəzərdən keçirilib, mövcud problemlərə dair fikir mübadiləsi aparılıb.
Nazir idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib.

Keçidlər