Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Regonal Texniki Servis Mərkəzi açıldı

22 may 2013 | 15:00

21 may 2013-cü il tarixdə İsmayıllı şəhərində “KÜR Elektron Avadanlıqları İstehsalı” MMC-nin İsmayıllı Regonal Texniki Servis Mərkəzinin açılışı keçirildi. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət Vəkili Novruzəli Aslanov, “KÜR Elektron Avadanlıqları İstehsalı” MMC-nin baş direktoru Rizvan  Osmanov, “Azərpoçt” DM-nin baş direktoru Qəmbər Bəybalayev, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, İsmayıllı UADM-nin metodisti Gülnar Mikayılova çıxış edərək 2013-cü ilin cənab Prezident İlham Əliyevin sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsindən, bu sahədə görülən işlərdən, İsmayıllıda belə bir Mərkəzin açılmasının əhəmiyyətindən danışmış,  21-ci əsrdə bu sahədə biliklərin artırılmasını vurğulamışlar.
Rəsmi hissədən sonra tədbirdə iştirak edən qonaqlara, rayon ictimaiyyətinin nümayəndələrinə servis mərkəzi haqqında məlumat verilmişdir. Mərkəzin əsas vəzifəsi İsmayıllı rayonu və ətraf rayonların ərazisində fiziki və hüquqi şəxslərin kompüter və orqtexnikasına keyfiyyətli texniki xidmətlərin təşkilidir. Mərkəz kompüter avadanlıqlarının texniki təhlükəsizliyinin təmin edilməsi, proqram təminatının yenilənməsi, kompüterdə silinmiş məlumatların müəyyənləşdirilməsi və yenidən bərpası, kompüterin virusdan təmizlənməsi, fiziki və hüquqi şəxslərə geniş zolaqlı simsiz internet xidmətlərinin təşkili, onların ehtiyacına uyğun kompüter operatoru və kompüter mütəxəssislərinin hazırlanması istiqamətində işlər görəcəkdir. Servis Mərkəzində son model 11 ədəd kompüterdən ibarət şəbəkə sinfi yaradılmışdır. İlkin olaraq mərkəzdə 8 nəfər işlə təmin olunacaq, gələcəkdə isə işçi sayısının artırılması nəzərdə tutulmuşdur.
Tədbirdə həmçinin gələcəkdə İsmayıllıda “KÜR Elektron Avadanlıqları İstehsalı” MMC-nin filialının açılması barədə fikir mübadiləsi aparıldı. Məlumat üçün bildiririk ki, müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir.

Keçidlər