Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatının konfransı
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
İsmayıllı rayon təşkilatının konfransı
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatının konfransı keçirilib. Konfransda TİAHİ rayon komitəsinin sədri Hafiz Kərimov həmkarlar təşkilatının beş illik fəaliyyətini əhatə edən hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, təcrübədə özünü doğrultmuş ənənələr əsasında İsmayıllı təhsili müasir inkişaf yolunu inamla davam etdirir. Müəllim əməyinin təşkili, qiymətləndirilməsi, hüquqlarının qorunması, müalicəsinin və istirahətinin təşkilində rayon komitəsi idarə heyəti ilə birlikdə səmərəli fəaliyyət göstərir.
Müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə Respublika rayonları arasında İsmayıllı birinci beşlikdədir. İndi rayonda müəllimlərin orta aylıq əmək haqqı 315 manatdır. Bu da əhəmiyyətli artım kimi diqqəti cəlb edir.
Beş il müddətində 508 nəfər istedadlı şagird müxtəlif müsabiqələr, bilik və intellektual yarışların təşkili ilə üzə çıxarılıb. Hər biri də rayon komitəsi tərəfindən qiymətini alıb.
Konfrans nümayəndələrindən Namiq Salmanov, Tofiq Mahmudov, Dilbər Yəhyayeva, Aydın Əzizov, Qalib Bəşirov, Ramiz Baloğlanov və başqalarının çıxışları dinlənilib.
Konfransda iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ATİAHİ rayon komitəsi ilə rayon təhsil şöbəsinin birgə fəaliyyətindən, bunun nəticəsi olan yüksək təhsil göstəricilərindən, müəllimlərə göstərilən qayğıdan, onların müalicəsi və istirahəti üçün yaradılan şəraitdən, müəllim əməyinin qiymətləndirilməsindən razılığını bildirib. Onu da qeyd edib ki, müəllimlərin əsil fədakarlığının nəticəsidir ki, İsmayıllı təhsili nailiyyətlərini ilbəil artırır.
Mirdaməd Sadıqov onu da qeyd edib ki, təhsil sistemində problemlər qalmaqdadır. Təəssüf ki, onların həllinə hələ də davamlı istiqamət götürülmür. İnkişaf etmiş ölkələrdə İKT vasitələri 2 ildən bir dəyişildiyi halda bizim məktəblərdə 10-15 il bundan əvvəl alınan kompüterlər hələ də qalmaqdadir. Məktəblərin akt və idman zallarının təchizatı və təmiri, bəzi təhsil obyektlərinin əsaslı təmiri diqqətdən kənarda saxlanılan məsələlərdəndir.
Məktəb qazanxanalarının qazlaşdırılmaması qış mövsümündə ciddi problemlər yaradır. Isitmə mövsümünün başlanması və qurtarmasında aran rayonlarla dağlıq rayonlar arasında fərq qoyulmur. Maliyyələşmə eyni müddət üçün nəzərdə tutulur. Bütün bu məsələlər həm Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitəsini də ciddi narahat etməlidir.
Deyilən təkliflər və tənqidi qeydlər nəzərə alınmaqla konfrans qərar qəbul edib. 31 nəfərdən ibarət rayon komitəsinin məclisi və 7 nəfərdən ibarət idarə heyəti seçilib.Hafiz Kərimova ATİAHİ rayon komitəsinin sədrliyi yenidən etibar edilib.
Bir neçə nəfər veteran həmkarlar ittifaqı üzvünə ATİAHİ-nin Xatirə medalı və Fəxri fərmanları təqdim olunub.
Gənclərin vətənpərvərlik, ideya-siyasi, mənəvi tərbiyəsində, mədəni-kütləvi tədbirlərin hazırlanıb keçirilməsində fəal iştirakına görə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Peşə Tədris Mərkəzi, İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.