İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı 5 saylı məktəbdə ərazidə yaşayan sakinlərlə görüş-qəbul keçirib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir qayda olaraq sakinlərin rəsmi qəbula gəlməsini gözləmir, özü onlara tərəf gedir, səmimi şəraitdə görüş-qəbullar keçirir. Hər bir arzusu, təklifi, şikayəti olan vətəndaşı səbrlə dinləyir, qaldırılan məsələlərin həlli vacib və mümkün olanlarını qanuni məcraya yönəldir.
27 aprel 2017-ci il tarixdə növbəti görüş-qəbul üçün məkan 5 saylı tam orta məktəbin akt zalı seçilmişdi.
Qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov ərazidəki sosial, iqtisadi və xidmət problemlərindən ətraflı danışıb. İlk olaraq qeyd edib ki, suvarma kanalı təmizlənməlidir. Bunun üçün də kanalın mühafizə zolağına daxil olan sahələr öz məqsədinə qaytarılmalıdır. Vergilər vaxtında ödənməlidir ki, problemlər də bələdiyyə ilə vergi ödəyicilərinin birgə iştirakı ilə öz həllini tapsın. Rayonun büdcəsi özünümaliyyələşmə əsasında formalaşır. Buna görə də vergilər ödənməli, sahibkarlıq fəaliyyəti gücləndirilməli, digər maliyyə mənbələri üzə çıxarılmalıdır.
İştirakçılar da bir sıra məsələlərə diqqət yetirilməsini xahiş ediblər:
- Kanalüstü ərazidə elektrik dirəklərinin dəyişdirilməsinə ehtiyac var;
- Koroğlu küçəsində yaşayanlar kommunal xidməti xərcini ödəmir, məişət tullantılarını yaxınlıqdakı dərəyə tökürlər;
- Salatın Əsgərova küçəsində kanalın üstündəki körpü təmir olunmalı və genişləndirilməlidir;
- 30 A kvartalında bütün kommunikasiyaların yaradılması vacib məsələ kimi qarşıda durur;
- Natəvan küçəsindəki yaşayış binasının ətrafında zəbt olunmuş torpaq sahələri boşaldılmalı, dəmir torlar sökülməlidir;
- Məktəbə keçiddə uşaqların təhlükəsizliyi məqsədilə nəqliyyatın hərəkəti tənzimlənməlidir;
- İşlə, ünvanlı sosial yardımla əlaqədar da məsələlər qaldırıldı.
Sonda qanun çərçivəsində olan bütün məsələlərin həlli üçün aid strukturlara tapşırıq verilib, icraya məsul şəxslər müəyyənləşdirilib.