İsmayıllı atletləri ölkə çempionu olub.
Xaçmaz Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü idmançılar arasında yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə final yarışı keçirilib.
Rayon Gənclər və İdman İdarəsindən bildiriblər ki öz yerində keçirilmiş zona yarışında II olmuş İsmayıllı komandası Respublika yarışında birinci yeri tutub. 81 balla çempion titulu qazanıb.
Yarışlarda hər biri 7 nəfərdən ibarət oğlan və qız komandaları iştirak edib. Atletlər komandası şəhər 3,5,7 saylı, Lahıc qəsəbə və Vəng tam orta məktəblərinin şagirdlərindən təşkil olunub. 7 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəvan Qarayev atletləri yarışlara məsuliyyətlə hazırlayıb.
Proqrama daxil olan 300 və 600 metr məsafəyə qaçış,estafet və qaçaraq uzununa tullanma üzrə ən yüksək balları İsmayıllı komandası toplayıb.
Ucqar dağ kəndi Vəngdən yarışda iştirak edən 2 atlet qıza Respublikanın yığma komandasına daxil olmaq təklif edilib. Attletlər İsmayıllı idmanının uğurlarına yenisini əlavə ediblər.