Bu gündən razılıq edirlər, sabaha daha böyük ümidlə gedirlər
Ağbulaq kəndi son illər daha müasir tikintiləri, yeni məktəbi ilə diqqəti cəlb edir. Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun ağbulaqlılarla görüş-qəbulu da məktəbdə oldu.
Mirdaməd müəllim hamıdan əvvəl kəndin problemlərindən özü danışdı, sakinlərin işgüzarlığını qeyd etdi. Dedi ki, mən sizin yanınıza gəlmişəm, bildiklərim öz yerində, problemlərinizi öz dilinizdən eşitmək istərdim.
Ağbulaq ümumi orta məktəbinin müəllimi Əflatun Baxışov Azərbaycan Prezidenti İlham Əliyev cənablarına onun diqqət və qayğısının təzahürü olan rayondakı yeni layihələrə görə kənd camaatının minnətdarlığını çatdırdı, hər kəsin aparılan işlərdə fəal iştirak etməli olduğunu bildirdi.O həm də hər bir kənd sakininin marağında olan əhəmiyyətli məsələlərdən danışdı.
Evinin təmirinə, ünvanlı sosial yardım almasına, yolların düzəldilməsinə, ot və taxıl biçini vaxtı texnika baxımından köməklik göstərilməsini xahiş edənlər də oldu.
Hər bir məsələ ilə əlaqədar konkret və dəqiq tapşırıqlar verildi. Artezian quyusu qazılması xahişinin nəzərə alınacağını deyən RİH-nin başçısı Mirdaməd Sadıqov həm də iştirakçılara məsləhət gördü ki, problemlərin həlli üçün iş qurulmalı, gənclər torpaqlarını birləşdirib fermer təsərrüfatı yaratmalıdırılar.
Qəbul çox işgüzar və səmimi şəraitdə keçdi. Hər kəs düşündüklərini dedi.
Nəticədə qəbulu keçirən də, qəbula gələnlər də razı qaldılar.