Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyalı politoloq Aleksandır Duqin İsmayıllıda

04 may 2017 | 16:00

Mayın 3-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, filosof, politoloq, tərcüməçi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqin İsmayıllı rayonunun İvanovka kəndinə səfər edib.
Rusiyalı politoloq əvvəlcə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüb.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin müşayiəti ilə İvanovka kəndinə gedən qonağı burada Nikitin adına kolxozun sədri Vasili Novoseltsev, icra hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina mehribanlıqla qarşılayıblar.
Kolxoz idarəsinin inzibati binasında İvanovka kəndinin rəhbər şəxsləri ilə görüşdə çıxış edən politoloq Aleksandr Duqin ölkəmizə səfərinin məqsədi, Bakıda keçirdiyi görüşlər barədə məlumat verib. O, İvanovkada rusların yaşayış tərzi, adət-ənənələri, məşğuliyyəti, mədəni həyatı ilə şəxsən tanış olmaq və hər şeyi onların dilindən eşitmək istədiyini bildirib.
Görüşdə Nikitin adına kolxozun sədri Vasili Novoseltsev, İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə Olqa Jabina, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbin direktoru Mixail Uryupin, bələdiyyə sədri Oleq Radayev çıxış ediblər. Məlumat verilib ki, Respublikada yeganə kollektiv təsərrüfat olan bu kolxoz uzun müddət burada sədr işləmiş Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin adını daşıyır. Əsasən rusların yaşadığı bu kəndin 2927 sakini, 822 ev təsərrüfatı var. Azərbaycanda həyat tərzinə çevrilmiş tolerantlıq və multikultural dəyərlərdən bəhrələnən ivanovkalılar öz dillərini, adət-ənənələrini qoruyub saxlayır, dövlət dəstəyi sayəsində torpaqdan səmərəli istifadə edir, çeşidli məhsullar yetişdirirlər. Kənddə taxıl, noxud, günəbaxan, üzüm istehsal olunur, təsərrüfatlarda iribuynuzlu mal-qara saxlanılır. Kolxozun nəzdində günəbaxan yağı, pendir, yağ və qaymaq istehsal edən mini zavodlar, çörək zavodu fəaliyyət göstərir. Bu məhsullar Bakıda və İsmayıllıda mağazalarda satılır. Kənd məktəbində dərslər rus və Azərbaycan dillərində tədris olunur.
Çıxışlarda İvanovkanın turizm imkanlarından da bəhs olunub, kəndə hər il minlərlə yerli və xarici turistin gəldiyi qeyd edilib.
Rusiyalı politoloq Aleksandr Duqin molokanların Azərbaycana köç etməsinin tarixçəsi və dini ayinlərini necə icra etdikləri ilə maraqlanıb. Onun sualına cavab olaraq molokan dini icmasının üzvləri bildiriblər ki, molokanlar Azərbaycana, o cümlədən İvanovkaya XIX əsrdə köç ediblər. Onlar burada öz adət-ənənələrini, dillərini və dini etiqadlarını qoruyub saxlamaqla yanaşı, yerli azərbaycanlı əhali ilə qaynayıb-qarışıblar. Kəndin rəhbər şəxsləri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə saxlanılan Nikitin adına İvanovka kolxozun nailiyyətləri, yerli əhalinin məşğuliyyəti, adət-ənənələri barədə qonağa ətraflı məlumat veriblər.
Olqa Jabina İsmayıllıda rahat, dinc şəraitdə yaşadıqlarını qeyd edərək Azərbaycan və rus mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən faydalandıqlarını, bu əlaqələrin onların həyat tərzinə çevrildiyini bildirib.
Sonra rusiyalı politoloq Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinə gedib. O, əvvəlcə məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovka kəndinə səfərlərini əks etdirən fotoguşəyə, sinif otaqlarına, tarix muzeyinə baxıb.
Kəndi gəzən Aleksandr Duqin mədəniyyət sarayında gənclərin ifasında rəqslərə tamaşa edib.
Politoloq İvanovkada insanların həyat tərzini, kəndin müasir infrastruktura malik olmasını yüksək qiymətləndirib, molokanlar üçün yaradılan hərtərəfli şəraitdən məmnunluq duyduğunu bildirib.
Kənd ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirən qonaq İvanovkadan xoş təəssüratlarla ayrılıb.

Keçidlər