9 May - Qələbə Günü qeyd olunub
İsmayıllı rayonunda 9 May - Qələbə Günü qeyd olunub. Bayram tədbiri 1941-1945-ci il Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəyə yürüşlə başlayıb və abidə önünə Rayon Icra Hakimiyyətinin adından əklil qoyulub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və RİH başçısı aparatının işçiləri, veteranlar, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrdə çalışanlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Rayon Veteranlar şurasının sədri Əlaləm Babayev alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən ismayıllıların da misilsiz xidmətləri olduğunu qeyd edib. RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlının silaha sarılaraq faşizmə qarşı mübarizədə fədakarlığı, Böyük Vətən müharibəsi adlandırılan həmin qanlı savaşda arxa cəbhənin əməkçilərinin də misilsiz xidmətlər göstərmələri diqqətə çatdırılıb.
Şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlər maraqla qarşılanıb.
Həmçinin hazırda İsmayıllı rayonunda yaşayan 15 nəfər Böyük Vətən müharibəsi iştirakçısı üçün RİH-nin təşkilatçılığı ilə bayram sovqatları təşkil olunub. Veteranlarla yaşadıqları ünvanlarda görüşərək onları bayram münasibəti ilə təbrik ediblər.