Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İsmayıllı rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş tədbir

10 may 2017 | 16:00

10 may 2017-ci il tarixdə Yap İsmayıllı rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.İştirakçıların əsas tərkibi YAP rayon təşkilatını yaradanlardan və partiya veteranlarından ibarət olub.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədr əvəzi Sevil Əmədova  açaraq qeyd edib ki, dahi öndər Heydər Əliyevin dövlətimizin inkişafı, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı uzaqgörən siyasət bu gün də öz bəhrəsini verməkdədir. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində  dünyanın ən kasıb ölkələrindən sayılan Azərbaycan, bu gün artıq öncül mövqedədir.Əldə olunan yüksək göstəricələrin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu əsas üzərində daha böyük uğurlar əldə edilir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri əhalinin sosial rifah halını yüksək səviyyəyə çatdırmaq, ölkəmizi dünyanın inkişaf etmiş dövlətinə çevirməkdir. Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir".
Olkəmiz dövlət quruculuğu yolunda inamla irəliləyir. Möhtərəm Prezidentimiz respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, insana diqqət və  qayğının dayandığını bəyan  edir. Azərbaycanın 2003-cü ildən başlayan sürətli, dinamik  inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarmışdır.
          Sosial dövlətin qurulmasının əsas şərtlərindən biri həmin dövlətdə sosial ədalətin səviyyəsi sayılır. Heç də təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının Proqramında əsas prinsiplərdən biri kimi sosial ədalət prinsipi götürülür.
Bütün bu sadalanan faktları nəzərə alsaq, demək olar ki, Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı naminə qurduğu inkişaf strategiyası bu gün etibarlı əllərdədir və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inamla  davam etdirilir.
Tədbirdə daha sonra veteran partiya üzvləri Yaşar Nuriyev və YAP İsmayıllı rayon təşkilatının sədr müvini Rüstəm Səmədov çıxış ediblər.
Tədbirin sonunda bir qrup gəncə partiya üzvlük vəsiqələrini YAP veteranları Mirdaməd Sadıqov, Sevil Əhmədova, Gözəl Osmanova, Məhərrəm Əhmədov və Rüstəm Səmədov təqdim ediblər.

Keçidlər