15 İyun – Milli Qurtuluş Günü münasibətilə İsmayıllı rayonunda tədbir keçirilib
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi ağır siyasi böhrandan, parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək sabitlik və inkişafın möhkəm təməlini yaradıb.
Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər qazanır.
Tədbir çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin nəticələri elan olunub, fərqlənən şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.






