“Heydər Əliyev İdarəetmə Məktəbinin” növbəti məşğələsi ümummilli liderin xilaskarlıq missiyasına həsr olunub.
XX əsrin böyük tarixi şəxsiyyətlərindən biri, xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu Azərbaycanın respublikaçılıq və müstəqillik tarixi ilə qoşa çəkilir. Onun şəxsində Azərbaycan xalqı dahi siyasətçi və görkəmli dövlət xadimi yetirə bilən bir xalq imici qazanıb.
İsmayıllıda 2014-cü ildən fəaliyyətdə olan Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi onun xilaskarlıq missiyasına həsr olunub. Yeni Azərbaycan Partiyası İsmayıllı rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqan rəhbərləri, ictimaiyyətin nümayəndələri, gənclər, ziyalılar və ağsaqqallar iştirak edib.
İdarəetmə məktəbinin icraçı direktoru Fərman Bəşirov məşğələni giriş sözü ilə açıb və ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanı parçalanıb məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb.
Dövlət qulluğu veteranı Valeh Salehov geniş məruzə ilə çıxış edərək Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərliyi dövründə ölkəmizin inkişafı,xilası,müstəqilliyinin qorunub saxlanması yolunda öz şərəfli ömrünü şam kimi əritdiyini, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini bildirib.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxışında ulu öndərin : “Xalq mənim dayağım, gücüm və inamımdır” sözləri ilə başlayıb və onun böyük qüdrət sahibi, nadir şəxsiyyət, əvəzsiz lider, xilaskar, böyük vətənpərvər olduğunu söyləyib.
Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Əməkdar müəllim Şəfaqət Rəsulov çıxış edərək Azərbaycanın taleyüklü dövründə, xalqın müqəddəratının həll olunduğu bir vaxtda Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışını, xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini ayrı-ayrı faktlarla idarəetmə məktəbi müdavimlərinə çatdırıblar.
İdarəetmə məktəbinin növbəti məşğələsi Heydər Əliyevin bu sözləri ilə yekunlaşıb. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.”