Kolumbiyanın xarici işlər naziri İsmayıllıda olub
Azərbaycana səfəri çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqin iyunun 18-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində olub.
Kolumbiyalı nazir və onu müşayiət edənlər Lahıcda duz-çörəklə qarşılanıblar. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqları salamlayaraq Azərbaycanın qədim tarixi, mədəniyyət abidələri ilə zəngin olan Lahıc qəsəbəsi barədə onlara geniş məlumat verib. Bildirilib ki, Azərbaycanın bu qədim yaşayış məskəni xalq sənətkarları, adət-ənənələri və gözəl təbii landşaftı ilə tanınır. Bu məkan özünəməxsus memarlıq üslubu və tikililərinin keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Lahıc ağ çay daşları ilə məharətlə və mozaik şəkildə döşənən küçə və meydanlara, kanalizasiya və su təchizatı sisteminə malik kiçik orta əsr şəhəridir. XIX əsrin ortalarında Lahıcda 250-yə yaxın sənətkarlıq emalatxanası və dükanı var idi. Hazırda Lahıc ustaları xalq sənətkarlığı ənənələrini davam etdirməkdədirlər.
Vurğulanıb ki, Lahıcda ən məşhur sənət misgərlik olub. 2015-ci ildə Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Artıq yüz illərdir ki, Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. Vaxtilə qəsəbə nəinki Azərbaycanı, həm də bütün Qafqazı mis məmulatlarla təmin edirdi. Lahıc sənətkarlarının hazırladıqları məhsullar İrana və Kiçik Asiyaya ixrac edilirdi. Bəlkə də dünyanın heç bir yerində misgərlik sənəti bu qədər inkişaf etməyib. Buraya xammal Bakı, Tiflis, Gədəbəy və Zəngəzurdan, habelə Suriya, Türkiyə, İngiltərə və Həbəşistandan gətirilirdi. Sovet dövründə isə xammal Ukrayna və Rusiyadan idxal edilirdi. Misgərlik sənətinin uğurlu inkişafı daha 40-a yaxın köməkçi peşə və sənət sahələrinin, o cümlədən qalayçılığın, dabbağlığın, dəmirçiliyin, kömürçülüyün yaranmasına və inkişafına səbəb olub. Təsadüfi deyil ki, bu gün Lahıc turistlər üçün çox maraqlı məkandır. Elə buna görə də buraya gələnlərin sayı ildən-ilə artır.
Sonra qonaqlar Lahıcın baş küçəsi boyu gəzərək sənətkarlıq və ticarət köşkləri ilə tanış olublar. Misgərlik nümunələri, mis əşyalar üzərində döymə naxışlar kolumbiyalı qonaqların böyük marağına səbəb olub.
Kolumbiyanın ölkəmizdəki səfiri xanım Marta Qalindo Pena deyib: “Rayonlarda təsərrüfat işləri ilə tanış olmuşuq. Bu gün fərqli bir yerdəyik. Burada gördüklərimə valeh oldum. Özümü qədim bir tarixi məkandakı kimi hiss edirəm”.