Şriftin ölçüsü :

Saytın rəngi :

“İSMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimat mərasimi keçirilib

07 iyul 2017 | 16:00

İyulun 6-da Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”in yeni modellərinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi İsmayıllı Velosiped Zavodunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb. İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group”un tərkibində fəaliyyət göstərir və şirkətin icraçı direktoru İsmayıl Süleymanov öz çıxışında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində istifadəyə verilən İsmayıllı Velosiped Zavodunda çalışanların böyük əksəriyyətinin rayon sakinləri olduğunu söyləyib. O, zavod məhsullarının “Made in Azerbaijan” brendi ilə istehsal olunduğunu deyərək bunun təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirib. “Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa idmançı sayının artmasına da təkan verəcək”, - deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərovun sözlərinə görə, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və idman sahəsində yüksək nəticələrin artması da özünü çox gözlətməyəcək.
Son illər velosipeddən ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi istifadə hallarının artdığına toxunan S.Ələkbərov bunun insanların, xüsusilə gənclərin sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını və yaxın gələcəkdə yeni velosiped yollarının, eləcə də “IDEA” İctimai Birliyinin velosiped dayanacaqlarının quraşdırılması təcrübəsinin geniş yayılmasının vacibliyini vurğulayıb.Tədbir iştirakçılarına məlumat verilib ki, “İSMA BİKES”" markalı velosipedlər bazara yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb. Belə ki, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə olduqca sıx əməkdaşlıq edən, “Olympic Moves Azerbaijan” hərəkatına yaxından dəstək verən, dünyanın ən məşhur brendlərindən olan “Coca-Cola” şirkəti ilə İsmayıllı Velosiped zavodu arasında artıq 200 ədəd “İSMA” velosipedinin alınması ilə bağlı müqavilə imzalanıb. Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəlinib. Daha sonra İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanov istehsal prosesi, bazara çıxarılan yeni velosipedlər barədə ətraflı məlumat verərək qonaqları yeni modellərlə tanış edib. Qeyd edək ki, “İSMA BİKES” velosipedlərinin istehsal olunduğu İsmayıllı Velosiped Zavodu bir neçə ay əvvəl fəaliyyətə başlayıb və zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur. İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal edilib və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işlərini genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb.“IDEA” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, peşəkar və həvəskar velosipedçilər, həmçinin velosiped satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Keçidlər