Milli Mətbuat və Jurnalistika günü qeyd olunub.
İsmayıllıda Milli Mətbuatın yaranmasının 142 illiyi ilə əlaqədar tədbir keçirilib. RİH işçilərinin, veteran jurnalistlərin, “İsmayıllı xəbərləri” qəzeti əməkdaşlarının, “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarlar birliyi” üzvlərinin, qabaqcıl ziyalıların, müəllim və məktəb direktorlarının iştirak etdiyi tədbir səmimi və işgüzar şəraitdə “Orman” istirahət mərkəzində keçirilib.
Bayram tədbirini giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açıb. O, 142 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların çarçısı olduğunu diqqətə çatdırıb, rayon rəhbərliyi adından mətbuat işçilərini təbrik edib.
Dövlət qulluğu veteran, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Valeh Salehov İsmayıllının mətbuat tarixi barədə danışıb və mətbuatın xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində əvəzsiz rol oynadığını söyləyib. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərən Azərbaycan Milli Mətbuatının öz milli varlığını qoruyub saxlaya bildiyini, hazırda isə qəzet və jurnal şəbəkəsinin genişləndiyini qeyd edib.
Uzun illər rayon mətbuatında çalışan jurnalistlər Bəybala Babayev, Lətifə Əliyeva, Məmmədmirzə Rzayev, Əməkdar müəllim Mirvari Musayeva və başqaları çıxış edərək rayon mətbuatının dünəni, bu günü və sabahı barədə öz fikirlərini söyləyiblər. Ölkəmiz müstəqillik əldə edildikdən sonar Azərbaycanda KİV-nin sayında və məzmununda olan inkişaf, eyni zamanda problemlər barədə danışıblar.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov (Dağlaroğlu) çıxışında bütün mətbuat işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, bir qurup jurnalisti və fəal yazarı tərifnamələr, qiymətli hədiyyələrlə təltif edib . Sonda xatirə şəkili çəkilib.