İsmayıllıda Respublika mədəniyyət mərkəzləri bədii rəhbərlərinin I Beynəlxalq elmi-praktik seminarı keçirilib
İyulun 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən rayonun İvanovka kəndində respublika mədəniyyət mərkəzləri bədii rəhbərlərinin I Beynəlxalq elmi-praktik seminarı keçirilib.
İvanovka kənd Mədəniyyət sarayında keçirilən tədbirdə respublikanın bütün bölgələrindən mədəniyyət mərkəzlərinin bədii rəhbərləri,Mədəniyyət və Turizm Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Regional Turizm İdarələrinin nümayəndələri, Belorusiya,Türkiyə və Qazaxıstandan qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kənddəki abidəsi önünə Nazirliyin nümayəndələri, rayonun rəhbər işçiləri, seminar iştirakçıları və xarici qonaqlar tərəfindən gülqoyma mərasimi ilə başlayıb.
Qonaqlar Mədəniyyət sarayının qarşısında duz-çörəklə qarşılanıb, kəndin mədəniyyət sarayı ilə tanış olublar.
Seminarda Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova giriş nitqi söyləyərək tədbir iştirakçılarını və xarici ölkələrdən gələn qonaqları rayon rəhbərliyi adından salamlayıb, seminarın işinə uğurlar arzulayıb. Bölgədə gedən abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, tolerant və multikultural dəyərlər barədə onlara məlumat verib. İsmayıllının Yaponiya, Fransa, Belorusiya, Rusiya, Latviya, Türkiyə,Ukrayna və s. ölkələrlə dostluq əlaqələrindən danışıb.
Sonra Nikolay Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Tahirə Əliyeva, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov çıxış edərək seminar iştirakçılarını və qonaqları salamlayıblar.
Respublika mədəniyyət Mərkəzlərinin fəaliyyəti, mədəniyyət mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, onların fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilib yayılması, sərgilərin təşkili və s. barədə məruzə və çıxışlar dinlənilib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubbəyliyevin, Mərkəzin əməkdaşları Məhbubə Əbilovanın, Afaq Ağayevanın, Kürdəmir rayonundan Humay Məmmədovanın, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayevanın, Tükiyə Balçova Bələdiyyəsi mədəniyyət işləri müdiri Bedir Ahmet Cemilin, Magilyov İcra Hakimiyyətinin Mədəniyyət, İdeoloji və Gənclərlə iş üzrə baş idarəsinin 1-ci müavini Yelena Bobrova, Mərdəkan Mədəniyyət sarayının bədii rəhbəri Kamran İsrafilovun məruzə və çıxışları maraqla qarşılanıb.
Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzlə Türkiyənin Yunus Emre İnstitutu arasında Memorandum imzalanıb.
Xaçmaz Xalq Teatrı və İvanovka Xalq Folklor kollektivləri seminar iştirakçıları qarşısında çıxış ediblər .
Murad Məhərrəmov