Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri İsmayıllıda
Avqustun 11-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev İsmayıllı rayonunda olub.
Administrasiya rəsmisi rayonun sosial-iqtisadi inkişafı, dövlət gənclər siyasəti və idman sahəsində aparılan işlərlə, həyata keçirilən tədbirlərlə yaxından tanış olub.Rayonda idmanın kütləviliyinin təmin edilməsi, gənclərin ictimai-siyasi fəallığının daha da artırılması sahəsində görüləcək işlər barədə rayon rəhbərliyi, rayon gənclər idman idarəsi, Olimpiya İdman Kompleksi əməkdaşları ilə müzakirələr aparıb.
Y.Məmmədəliyev rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehovla Heydər Əliyev Mərkəzində, İsmayıllı şəhər mədəniyyət mərkəzində, Uşaq yaradıcılıq mərkəzində,Olimpiya İdman Kompleksində gənclər və idmançılarla görüşüb, yaradıcılıq dərnəklərinin fəaliyyəti, yeniyetmə və gənclərin idmanın müxtəlif sahələrinə cəlb olunması vəziyyəti ilə tanış olub.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı rayonda həyata keçirilən tədbirlərlə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə gənclər və idman sahəsində apardığı uğurlu siyasət barədə məlumat verən Administrasiya rəsmisi bu sahə üzrə tövsiyə və tapşırıqlarını verib.