Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nümayəndə heyəti növbəti dəfə Beynəlxalq Angin Festivalında iştirak edib

12 avqust 2017 | 16:00

Avqustun 10-da Yaponiyanın İto şəhərində təşkil edilən 71-ci Beynəlxalq Angin Festivalının əsas mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Beynəlxalq Angin Festivalı Yaponiyanın Avropa və Amerika ölkələri ilə dənizçilik əlaqələrinin qurulmasında mühüm rol oynamış ingilis dənizçisi və səyyahı Vilyam Adamsın şərəfinə artıq 71 ildir ki, təşkil edilir. Yaponiyada Miura Angin adı ilə tanınan V.Adamsın Avropa nümunəsi əsasında inşa etdiyi gəmilərlə yaponlar ilk dəfə Avropa və Meksika sahillərinə səyahət ediblər.

İtoda bu bayrama həm də “Qardaşlaşmış şəhərlər festivalı” adı verilib. Belə ki, həmin gün İto şəhərinin həm xaricdə, həm də Yaponiyada qardaşlaşdığı şəhərlərin nümayəndələri bu şəhərə toplaşaraq bayram şənliklərinə qatılırlar.

Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında imzalanmış qardaşlaşma müqaviləsinə əsasən, bu il Azərbaycan nümayəndə heyəti növbəti dəfə festivala qatılıb. Ölkəmizi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayilzadənin rəhbərliyi ilə İsmayıllı rayonundan gəlmiş bir müəllim və iki məktəbli təmsil edib.

Mərasimdə iştirak edən qonaqlar, o cümlədən səfir Gürsel İsmayılzadə təmsil etdikləri ölkələrin adından V.Adamsın səhnədə qoyulmuş portreti önünə gül çələngi düzüblər.

Festivalın açılışında çıxış edən İto şəhərinin meri Ono Tatsuya və digər rəsmi nümayəndələr iştirakçıları salamlayıblar. Vurğulanıb ki, Beynəlxalq Angin Festivalı Yaponiya ilə dostluq əlaqələrinə malik olan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlığın, səmimi münasibətlərin daha da möhkəmlənməsində, onların həm yapon xalqının, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənməsində mühüm rol oynayır.

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin “Coğrafiya” müəllimi Şahin Gənciyev, IX sinif şagirdləri Mehin Əkbərli və Suğra Ağamalıyeva Yaponiyaya səfərin təəssüratlarını AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri ilə bölüşüblər. Ş.Gənciyev bildirib ki, İto və İsmayıllı arasında artıq ənənə halı almış qarşılıqlı səfərlər həm biri-birinin mədəniyyətini, tarixini, həyat tərzini və adət-ənənələrini öyrənmək, həm də dostluq əlaqələrinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Budəfəki səfər zamanı da təşkil edilmiş zəngin proqram çərçivəsində Tokio və İto ilə yanaşı, Kioto, Nara və Osako şəhərlərində olaraq görməli yerlərlə tanış olublar. Səfər zamanı çoxsaylı yapon dostlar tapdıqlarını vurğulayan məktəblilərimiz bunun həm də yapon dilini öyrənmək baxımından əhəmiyyətli olacağını qeyd ediblər. Bildiriblər ki, Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı gələcəkdə bu ölkədə təhsil almaq istəyən gənclərimiz üçün də böyük imkanlar açır.

Bayram proqramı ilə davam edən festival atəşfəşanlıqla başa çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

İTO

 

Keçidlər