İsmayıllının Təzəkənd tam orta məktəbində “Ana mükafatı”nın təqdimat mərasimi olub.
Təzəkənd tam orta məktəbi rayonun seçilən, sistemli uğurları ilə İsmayıllı rayonunda fərqlənən tam orta məktəblərdəndir. Valideynlərin, keçmiş məzunların təhsillə maraqlanması,ona yardımçı olması da müvəffəqiyyətlərin artmasını stimullaşdırır. Belə stimullardan biri ən yüksək bal toplayan məzun üçün təsis edilmiş mükafatdır.
Təzəkənd tam orta məktəbini bitirib, Qazaxıstanda ali təhsil alan, geologiya-minerologiya elmləri doktoru, professor, Beynəlxalq Mühəndislik Akademiyasının üzvü, Qazaxıstan Mühəndislik Akademiyasının akademiki Nizami Cəfərov 2000-ci ildən başlayaraq anası Badam xanımın xatirəsinə “Ana mükafatı”nı təsis edib. Universitetlərə qəbul zamanı ən yüksək bal toplayan gəncə bu mükafat verilir.
Bu günlərdə tam orta məktəbdə mükafatın təqdimetmə mərasimi olub. Ali məktəblərə qəbul olunan Təzəkəndli məzunlar arasında ən yüksək balı (647) Nazpəri Səfərova toplayıb. 200 ABŞ dolları həcmində olan mükafatı N.Səfərovaya Nizami Cəfərovun ailə üvlərindən biri-ingilis dili müəllimi Mənsurə Nağıyeva təqdim edib. Bu münasibətlə keçirilən təntənəli tədbirdə məktəbin direktoru Elxan Bədəlov, Təzəkənd İƏD üzrə nümayəndə Feyruz Kərimov,bələdiyyə sədri Azər Bağırov, sinif rəhbərləri Lümunə Qasımova,Mirzə Bədəlov çıxış ediblər.
18-ci mükafatın sahibinin valideyinləri övladlarının təhsili üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını, rayon rəhbərliyinə qayğılı münasibətinə, müəllimlərə səmərəli əməklərinə görə təşəkkürlərini bildiriblər.